Kliniki Tibbi Mərkəzin şöbə müdiri məhkəmə qarşısında

Foto: arxiv

Zərərçəkən tərəf həkimin əmlakının üzərinə həbs qoyulmasını istəyir

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi başlayıb. O, azərbaycanlı alim, filologiya elmlər doktoru Arif Acaloğlunun ölümüylə nəticələnən yol qəzası törətməkdə ittiham olunur. Hadisə 2023-cü ilin noyabrında baş verib.

Azər Maqsudovun işinə Sabunçu Rayon Məhkəməsində baxılır. İyunun 20-də hakim Anar Rzayevin sədrliyilə keçirilən ilkin hazırlıq iclasında təqsirləndirilən həkimin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş tərəfi təmsil edən vəkillər Azər Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırıblar. Vəkillər vurğulayıb ki, Arif Acaloğlunun ölümü nəticəsində onun ailə üzvlərinə həm maddi, həm də mənəvi ziyan dəyib. Bu üzdən dəymiş ziyanın əvəzi olaraq, 400 min manat ödənilməsini tələb edirlər.

Onlar həmçinin indidən Azər Maqsudovun əmlaklarının üzərinə həbs qoyulmasını istəyiblər. Bu barədə də vəsatət qaldırıblar.

Hakim mülki iddianı icraata götürüb. Bildirib ki, mülki iddianın təmin olunub-olunmamasıyla bağlı qərar məhkəmənin sonunda veriləcək.

Təqsirləndirilən şəxsin əmlakları üzərinə həbs qoyulması barədə vəsatət isə təmin olunmayıb.
Bu cinayət işi üzrə məhkəmə baxışı iyulun 4-nə təyin edilib.

Hadisə noyabrın 15-də gecə saat 23.00 radələrində baş verib. Kliniki Tibbi Mərkəzin yaydığı açıqlamada bildirilir ki, 1956-cı il təvəllüdlü Arif Acaloğlu yüksək sürətli avtomobil yolunda Azər Maqsudovun idarə etdiyi “Mercedes”in qarşısına qəfil çıxıb və nəticədə hadisə baş verib.

Hadisədən dərhal sonra Azər Maqsudov Arif Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Azər Maqsudova qarşı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. O, həbsdə deyil, həm istintaq, həm də məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Ana səhifəSosialKliniki Tibbi Mərkəzin şöbə müdiri məhkəmə qarşısında