Kiyev Jared Letonun müharibə ilə bağlı fikirlərini Ukraynaya “təhqir” sayır

Jared Leto. Foto: Reuters

Ukraynalılar musiqiçinin Rusiya-Ukrayna müharibəsini “problem” adlandırmasından qəzəbləniblər

Amerikalı aktyor, “Thirty Seconds to Mars” qrupunun solisti Jared Leto dünya turnesi çərçivəsində oktyabrın 11-də Belqradda çıxışı zamanı ölkələr arasında müharibə bitdikdən sonra Rusiya və Ukraynaya konsertlərlə gələcəyinə söz verib.

Rusiya və Ukrayna mediası musiqiçinin konsert ziyarətçiləri tərəfindən lentə alınan açıqlamalarının videosuna diqqət çəkib.

Mahnılar arasında fasilə zamanı Leto Serbiyaya ilk dəfə gəldiyini bildirib.

O, əvvəlcə Serbiyadan gələn tamaşaçıları qışqırmağa və əllərini qaldırmağa, sonra isə eynisini Rusiyadan gələn tamaşaçılara təklif edib.

“Meduza” yazır ki, sosial şəbəkələrdə yayılan videolardan aydın olur ki, konsertə Rusiyadan gələnələr daha çox olub.

“Uşaqlar, sizin üçün darıxdıq. Bir gün bütün problemlər bitəndə biz sizin vətəninizə gələcəyik. Serbiyaya qayıdıb, Sankt-Peterburqa çataq. Moskvada dayanıb, Kiyevə düşək. Gəlin, birlikdə əylənək”, – Leto Rusiyadan olan pərəstişkarlarına müraciət edib və sonra “A Beautiful Lie” mahnısını oxuyub.

Letonun bəyanatı Ukrayna mediasında və sosial şəbəkələrdə tənqid olunub.

Ukraynalılar və yerli nəşrlər musiqiçinin Rusiya-Ukrayna müharibəsini “problem” adlandırmasından qəzəbləniblər.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun “Telegram” kanalında Jared Letonu “problem”in miqyasını öz gözlərilə görməsi üçün Buçaya, Xersona və ya Pokrovska səfərə dəvət edib.

Ukrayna Xarici İşlər Nazirliyi isə Letonun Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sözlərini azadlıq uğrunda canlarını qurban verənlərə “təhqir” adlandırıb.

Ukraynalı jurnalistlər isə xatırladıblar ki, Jared Leto müharibə başlayanda Ukraynaya dəstək ifadə edib.

Hazırda davam edən Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayan gündən bir çox dünya ulduzları buna etiraz ediblər, ikincini dəstəkləyiblər.

Bununla belə Rusiyanı dəstəkləyən sənətçilər də olub.

Bunlardan biri də amerikalı aktyor, müğənni Stiven Siqaldır.

Ana səhifəMədəniyyətKiyev Jared Letonun müharibə ilə bağlı fikirlərini Ukraynaya “təhqir” sayır