Kinoşünas: “Nazirlik Ekspert Şurası yaratmaqla senzuranı rəsmiləşdirdi”

Foto: Mədəniyyət Nazirliyi

Sevda Sultanova isə deyir ki, əsas məsələlərdən biri də Şuranın tərkibi ilə bağlıdır

Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurasının yaradılması kino ictimaiyyəti arasında müzakirələrə səbəb olub.

Bəzi kino nümayəndələri hesab edirlər ki, kinonun inkişaf etməsi üçün əsas şərtlərdən biri bədii məhsula liberal münasibətdir.

Onların fikrincə, kino azad olmalı və ona senzura tətbiq edilməməlidir.

Kinoşünas Aygün Aslanlı hesab edir ki, Mədəniyyət Nazirliyi bu yolla kinoya senzura və nəzarəti artırmaq istəyir:

Aygün Aslanlı. Mənbə: AKİ

Bir ay öncə Bakıda keçirilən “DokuBaku” festivalında bir neçə filmə sensura qoyulmuşdu. Biz buna etiraz etmişdik. Mədəniyyət nazirinə məktub yazıb, açıqlama istəmişdik. Bizə heç bir rəsmi, yazılı cavab vermədilər. Mədəniyyət Nazirliyi Ekspert Şurası yaratmaqla senzuranı rəsmiləşdirdi”.

Həmin tədbirdə iştirak edən Xalq artisti, aktyor, Azərbaycan Kinematorqafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev isə Şuranın yaradılmasının tərəfdarıdır:

Mənə belə gəlir ki, tədbir zamanı qoyulan məsələlər kollegial şəkildə müzakirə olunsa, ümumi işimizə hərtərəfli xeyri ola bilər. Hiss edirik ki, Mədəniyyət Nazirliyi bu işlə ciddi məşğul olur. Toplantıya Vaqif Mustafayev, Fəxrəddin Manafov, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Həmidə Ömərova, mən və başqa kino xadimləri dəvət olunmuşdu. Bizi çağırmışdılar, amma bilmədik ki, Ekspert Şurasının üzvüyük, ya yox. Açığı, kino çox pis vəziyyətdədir. Müəyyən səbəblərə görə belə vəziyyətə gəlib. Kinonu bu vəziyyətdən çıxarmaq lazımdır. Düzələcəyinə ümid edirik”.

Mənbə: AKİ

Kino tənqidçi Sevda Sultanovanı düşündürən məsələ isə Şuranın tərkibi və nəzarət mexanizmi ilə əlaqədardır:

Sevda Sultanova, Foto: Kulis.az

Burada əsas məsələlərdən biri Ekspert Şurasının tərkibidir. Şuranın tərkibi açıqlanmayıb. Əgər tutaq ki, Şurada Vado Karovin təmsil olunacaqsa, onun hansısa filmin, kontentin məzmununu qiymətləndirməsi üçün hansı intellektual imkanları, zövqü var? Azərbaycan dilini bilmir, rəhbəri olduğu “Space” kanalının əksər verilişlərində adi ekran mədəniyyəti, estetik zövq yoxdur”.

Mühafizəkar düşüncənin, subyektivliyin filmlərin şikəst edilməsinə gətirib gətirməməsi də başqa problemdir. Kinotənqidçi olduğuma görə, məni daha çox kinonun vəziyyəti maraqlandırır. Digər tərəfdən filmlərin məzmununu kino peşəkarları qiymətləndirməlidir”, – Sevda Sultanova deyib.

Rejissor Elvin Adıgözəl isə Meydan TV-yə deyir ki, Azərbaycanda kino sənayesi, kino qanunu, “prokat” sistemi olmadığı halda nəzarət şurasına da ehtiyac yoxdur:

Elvin Adıgözəl, Foto: Facebook

Tədbirdə qeyd edilib ki, dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan əsərlərə nəzarət olunacaq. Ölkədə dövlət büdcəsindən maliyyələşən çoxmu film çəkilib? Harada “prokat” gedir ki, nəzarət də olsun? Müstəqil kino çəkənlər filmi zatən xaricdə göstərir. Kommersiya filmindən əldə olunan gəlir də biabırçılıqdır. Şuranın yaradılması, kino sənayesi, “kino prokatı”, yenilənmiş kino qanunu olmayan ölkədə heç bir məna kəsb etməyən nəzarət şurasıdır, məqsədsiz senzuradır”.

Mədəniyyət naziri Adil Kərimli Ekspert Şurasının yaradılması zərurətindən danışıb.

Kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlar, yəni mediaya aid olmayan sahədə əsərlərin qiymətləndirilməsi üzrə peşəkar bir formata ehtiyac olduğunu deyib. Hələ ki Şuranın tərkibi açıqlanmayıb.

Həmçinin kinematoqrafiya, rəqəmsal və audiovizual məzmunlara nəzarətin hansı meyarlar əsasında aparılacağına dair məlumat verilməyib.

Ana səhifəMədəniyyətKinoşünas: “Nazirlik Ekspert Şurası yaratmaqla senzuranı rəsmiləşdirdi”