Operatorun ölümündə Bolduinin günahsız olduğu sübut edilib
Nyu-Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri bürosu “Rust Movie Productions” şirkətinə cərimə tətbiq edib.
Şirkət aktyor Alek Bolduinin çəkiliş meydançasında təsadüfən operator Qalina Hatçinsi odlu silahla vurmasına görə 136 min 793 dollar cərimə ödəyəcək.
Qurum belə qənaətə gəlib ki, kinostudiya işçilərin təhlükəsizliyini təmin etməyib.
“Rust Movie Productions” şirkətinə 15 gün ərzində göstərilən məbləği ödəmək tələbi qoyulub.
Büro Alek Bolduinin günahsız olduğu qənaətinə gəlib.
Araşdırmalar nəticəsində məlum olub ki, aktyor istifadə etdiyi silahdakı patronların boş olduğuna əmindir.
Aktyorun vəkillərinin yaydığı bəyanatda bildirilir ki, Bolduinin filmin çəkilişlərində səlahiyyəti yalnız ssenarinin dəyişdirilməsi və aktyor seçiminin təsdiqlənməsi ilə məhdudlaşıb.
Alek Bolduin ötən ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.
Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Hatçinsin həyat yoldaşı Bolduini və filmin yaradıcı heyətini məhkəməyə verib.
Bolduin də “Rust” filminin prodüserlərindən məhkəməyə şikayət edib.
Aktyor məhkəmədən əldə olunacaq təzminatı operatorun ailəsinə bağışlamaq niyyətindədir.