Kimin seçki fonduna nə qədər ianə verilib?

“Mən öz hesabım barədə məlumat verə bilərəm, 700 manat vəsait daxil olub, onun da 648 manatı xərclənib”

Source:


Rəsmi məlumata görə, ən çox ianə YAP üçün yığılıb

Hakim Yeni Azərbaycan Partiyası 9 fevral növbədənkənar parlament seçkiləri ilə bağlı xüsusi seçki fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Bildirilib ki, xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.

YAP
YAP

Bu barədə partiya MSK-ya göndərdiyi məlumatda qeyd edib.

Meydan TV seçkiyə qatılan partiyalara bu barədə sorğular ünvanlayıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı hər bir namizədin ayrıca ianə fondu yaratdığını və hesab açdığını qeyd edib:

“Çünki 60 dairədən çox namizədi qeydə alınmayan partiyanın namizədlərinin hər biri özünə hesab açmalıdır. Mən öz hesabım barədə məlumat verə bilərəm, 700 manat vəsait daxil olub, onun da 648 manatı xərclənib. Mən DSK-ya iki dəfə hesabat vermişəm, seçki bitəndə bir hesabat da təqdim edəcəm”.

Arif Hacılı
Arif Hacılı

O, müsavatçı namizədlərin Beynəlxalq Bankda hesab açdığını söyləyərək, onlar barədə bilgili olmadığını bildirib:

“Bu hesablar leqaldır və onların hər biri DSK-ya vaxtaşırı məlumat verir. Bütövlükdə müsavatçı namizədlərin olduğu dairələrdə seçki xərcləri min manatı aşmır. Ancaq seçki kampaniyasına maliyyə vəsaiti nə qədər çox olsa, daha yaxşıdır. İndiki şəraitdə normal seçki kampaniyası təşkil etmək üçün heç olmasa 10 min manat lazımdır”.

“Cümhuriyyətçilər İttifaqı” qeydə alınmadığından ümumi seçki hesablarının olmadığını xatırladan iqtisadçı Natiq Cəfərli fərdi qaydada 31 namizədin bank hesabı açdığını əlavə edib:

“Bununla bağlı ianə vermək istəyən vətəndaşlara müxtəlif vasitələrlə məlumatlar da paylanılıb. Təşviqat yekunlaşandan sonra hər bir namizədlə bağlı məlumatları yayacağıq”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli özünün seçki hesabına 806 manat ianə verildiyini və bu vəsaitin hamısının da təbliğat materiallarına xərcləndiyini bildirib:

“Amma fevralın 3-də və 4-də 400 manata yaxın ianələr verilib və son təşviqat günündə rəqəmi paylaşacam. İanə verənlərdən cəmi 2 nəfəri tanıyıram, qalanlarını tanımıram”.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, “milliön” şirkəti ilə müqavilə bağlamaq proseduru uzun vaxt apardığından seçki fondu təsis etməyiblər:

“Kampaniyaya az vaxt qaldığından belə bir fond təsis edilmədi”.

İqbal Ağazadə
İqbal Ağzadə

“Hərəkət” Seçki Blokunun təmsilçilərindən Ruslan İzzətli hesab edir ki, hakim partiyaya ianə köçürülməsi inzibati yollarla gerçəkləşdirilir:

“Ümumiyyətlə, YAP-da üzvlük pulu necə məcburidirsə, seçki fondu da məcburi şəkildə ianə toplayır. Hakim partiyanın namizədlərinə regionlarda münasibət mənzərəni ortaya qoyur”

R.İzzətli bildirib ki, “Hərəkət” Seçki Blokunun üzvləri birbaşa ianə toplaya bilmirlər, çünki seçkidən sonra təzyiqlərə məruz qalacaqlarını düşünürlər:

“Seçki qərargahında hazırda 20 nəfər gənc könüllü işləyir, 10 nəfər ofisdə olur, qalanları ərazidə iş aparır. Xaricdə olan azərbaycanlılar var ki, hesabımıza pul köçürürlər. Əlbəttə, 100-200 min civarında dəstək yoxdur, indiyə qədər min manata yaxın yardım olub. Amma onlar blokun üzvü deyillər. Yaxud bir xanım şirniyyat hazırlayıb gətirmişdi, o da elə dəstək verib. Başqa biri gəlib könüllü çalışmaq istədiyini deyib”.

d08da257-8681-4c6d-9a1c-5510d6ebfaa8_w650_r1_s.jpg
Ruzlan İzzətli

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Dekabrın 5-də prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Növbədənkənar parlament seçkilərində ən çox namizəd Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb, 123 nəfər. Müsavat Partiyası üzvləri 60 dairədən 64 namizədlə seçkiyə qatılıblar, onlardan 28 nəfər partiya xətti ilə, digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. “ReAL Cümhuriyyətçilər İttifaqı” 31 namizədlə seçkilərə qatılır. Partiyanın sədri İlqar Məmmədov və üzvləri Rəsul Cəfərov, Zaur Qurbanlı seçkilərə buraxılmadı. “Hərəkət Seçki Bloku” 18 nəfərlə seçkilərə qatılsa da, 16 nəfərin namizədliyi qeydə alındı. 30 nəfər Demokrat Partiyasından namizədliyini irəli sürsə də, 10 nəfəri qeydə alınıb. Ana Vətən Partiyasından 62 nəfər namizəd olmaq üçün sənədlərini DSK-lara təqdim etmişdi, amma 14 nəfərin namizədliyi qeydə alındı. Ümid Partiyasından 80-dən çox şəxs namizədliyini irəli sürsə də, onlardan 21 nəfəri qeydə alındı. Müasir Müsavat Partiyasının 8 nəfər üzvündən 5-i qeydə alınıb. Azərbaycan Milli İstiqlal Partiyasının irəli sürdüyü 16 nəfərdən 9 nəfər qeydiyyata alınıb.

Ana səhifəSiyasətKimin seçki fonduna nə qədər ianə verilib?