Professor Tarix İnstitutunun rəhbərliyindən istefa verib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun Baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov yanvarın 20-də vəzifəsindən istefa verib.
Bu barədə Kərim Şükürov Meydan TV-yə deyib.
O, istefasının səbəblərini AMEA prezidenti Ramiz Mehdiyevin yanvarın 19-da Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərlə əlaqələndirib.
“İnsanların 20 Yanvar hüzn gününə hazırlaşdıqları bir zamanda AMEA prezidenti iclas çağırıb Tarix İnstitutundan və rəhbərliyindən danışır. Ramiz Mehdiyevin bizim haqqımızda dediklərində 1 faiz də həqiqət yoxdur. Bir neçə faktı gətirmək kifayətdir: birincisi, rəhbərliyim dövründə institutda 3-cildlik Respublika tarixi, Vətən müharibəsi-İkinci Qarabağ müharibəsinin tarixi yazılıb. İkincisi, institutun 12 elmi tədqiqat şöbəsi əməkdaşlarının 21 kitabı dövlət satınalmasına uyğun olaraq çapa təqdim olunub. Üçüncüsü, 1993-cü ildən bəri ilk dəfə olaraq institutda Azərbaycan tarixinin yeni konseptual baxış əsasında akademik bircildliyi hazırlanıb və 15 cildlik Azərbaycan tarixi üzrə gərgin iş davam etdirilir. Dördüncüsü, Azərbaycanın tarixi coğrafiyasına dair 1987-ci ildən bəri ilk dəfə fundamental kitab hazırlanır. Beşincisi, Azərbaycanın müstəqillik tarixinə dair Ağdamda otuzadək alimin iştirakı ilə daha bir beynəlxalq konfrans təşkil edilib. Nəhayət, İnstitutun da təşkilatçılığı ilə doqquz ölkənin alimlərinin iştirakı ilə Qafqaz Albaniyasına dair beynəlxalq konfrans keçirilib”, – Kərim Şükürov belə deyib.
O bildirib ki, yanvarın 21-də ərizəsini AMEA rəhbərliyinə təqdim edəcək.
AMEA-nin Rəyasət Heyətinin yanvarın 19-da keçirilən iclasında akademik Ramiz Mehdiyev Dilçilik və Tarix institutlarını tənqid edib.
O qeyd edib ki, Tarix İnstitutunda hökm sürən qeyri-sağlam iş mühiti institutun əvvəlki rəhbərindən miras qalmış mənasız intriqaların nəticəsidir:
“Bu müəssisədə dedi-qoduların daha da dərinləşməsi, bəzi əməkdaşların öz həmkarları haqqında yazdıqları şər və böhtan xarakteri daşıyan anonim məktublar, elmi mühitin sıradan çıxması və institut rəhbərliyinin bütün bu halların qarşısında qətiyyətsizliyi məni narahat edir”.
“İnstitut rəhbərliyini bu məsələlərə dair ortaya qətiyyət və iradə qoymağa çağırır, məsələləri həll etməsi ilə bağlı ciddi xəbərdarlıq edirəm. Orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar isə AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm”, – deyə AMEA prezidenti bildirib.
Professor Kərim Şükürov 2021-ci ilin yanvarında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifəsinə təsdiqlənib.