Saatlının Dəllər kənd sakinləri şikayət edir
Saatlının Dəllər kəndindən şikayət var. Kənd sakinləri qrunt sularının əkin sahələrini basıb, tarlalarını yararsız hala gətirdiyini söyləyirlər.
“Normal məhsul əldə edə bilmirik. Nəticədə əkdiklərimizin xərci borcunu ödəmir”, – kənd sakinlərindən Səringül Əmiraslanova belə deyir. Bildirir ki, hətta dolanmaq üçün Saatlı Rayon İcra Hakimiyyətindən başqa torpaq sahəsi də istəyiblər. O da alınmayıb:
“Vermədilər, çünki bələdiyyə nəinki normal torpaq saxlayıb, gənc vətəndaşların perspektiv inkişaf torpaqlarını da satıb, sovurub. Bizə isə nəinki əkin-biçin üçün normal torpaq, heç örüş sahəsi də qalmayıb. Bilmirik malımızı, heyvanımızı harada saxlayaq. Problem içindəyik, dərdimizi deməyə kimsəmiz yoxdur”.
Bizi şikayət etdiyimizə görə qınayıb, aşağılayıblar
Sakinlər bildirirlər ki, torpaq qalmayıb, başa düşürlər, heç olmazsa sahələrinə toplanan zinə sularına bir əlac tapılsın. Son çarə prezident İlham Əliyevə də məktub göndərdiklərini deyirlər. Ancaq gedib çıxdığından əmin deyillər:
“Yazmışıq, amma cavab almamışıq. Üstəlik, problemimizi həll etmək yerinə, İcra Hakimiyyətinə qəbula çağırıb, danlayıb, yola salıblar. Bizi şikayət etdiyimizə görə qınayıb, aşağılayıblar. Necə izah edək dərdimizi, kənddə yaşaya bilmək üçün torpaq lazımdır axı. Bizim isə olan-qalan torpağımız da qrunt sularının altında qalıb”.
Problemlərdən kitab yazmaq olar
Kənd sakinlərindən Kamal Rzayev deyir ki, işsizlik də bir ayrı dərddir. Kənddə iş yoxdur. Olsa, gedib işləyərlər, ancaq yoxdur, məcburdurlar əkinçilik, maldarlıqla məşğul olsunlar:
“Əkib-becərməyə torpaq vermirlər. Nə də normal örüş sahəmiz yoxdur. Beləcə nə heyvan saxlaya, nə də əkin əkə bilirik. Bütün bu problemlərdən kitab yazmaq olar. Ancaq biz adicə bir şikayəti belə göndərməkdə acizik, açıb, oxuyurlar. Adımıza da “işverən” deyirlər. İstəyir bələdiyyə olsun, istəyir icra nümayəndəsi torpaqları özbaşına satıblar. Azmış kimi şikayət edənləri qınayırlar”.
İynədən, dərmandan kəsib toxuma, gübrəyə verirəm
Sakinlərdən Əzizağa Cahangirovun da torpağı qrunt sularının altında qalıb. Deyir, zəhmətlə, əziyyətlə əkir. Ancaq 5 ton yerinə, 600-700 kilo məhsul götürə bilir:
“Məhsul adlı şey yoxdur. Yonca səpmişəm, yabanı otlar çıxıb. Dövlət pensiya verir, iynədən, dərmandan kəsib toxuma, gübrəyə verirəm. O da belə, batıb gedir. Mən bilmirəm, əkin əkim, kollektor qazım, yoxsa arx çəkim. Buna cavabdeh insanlar var axı. Bu işləri niyə kəndli görməlidir? Əlilliyi olan insanam, himayəmdə nə qədər insan var. Mən bilmirəm, öz işimi görüm, yoxsa dövlətin problemlərini həll edim. Mən istəməkdən, dövlət məndən kömək istəyir. Problem üstünə problem yaradırlar”.
Tanrı deyilik, yoxdan var yarada bilmərik
Ə.Cahangirov həyat yoldaşının ağır xəstə olduğunu deyir. Tək çalışdığından dolanmağın çətinliyindən gileylənir. Deyir, dövlət kömək etməkdənsə, vəziyyəti bir az da ağırlaşdırır:
“Biz tanrı deyilik, yoxdan var yarada bilmərik. Dərdimi dövlət idarələrinə yazıram, məni böhtançı adlandırırlar. Üstəlik, təhqir edib, yola salırlar. Neyləyək, heç nə deməyək, dərdimizi udub oturaq yerimizdə? Prezidentə, Elmira Süleymanovaya, Nazirlər Kabinetinə, Milli Məclisə şikayət etmişik, bir sözlə, məktub yazmadığımız qurum qalmayıb. Onlar da yönləndirirlər yerli icra hakimiyyətinə. İcra Hakimiyyətindən də çağırır, ağızalarına gələni deyib, yola salırlar. Şikayət etdiyim üçün məni qınayırlar. Otlaq sahələrimizin də önünü bağlayıblar, heyvan otara bilmirik. Həyətdəki ağacları yeyirlər. Çünki kəndlinin örüş sahəsi əlindən alınıb. Camaatda dövlətə və dövlətçiliyə olan inam qırılıb, qalmayıb. Vallah, naəlac qalmışıq”.
Yoldan yazırıq, çəmənlikdən cavab verirlər
Səringül Əmiraslanova bütün ümidlərini prezident İlham Əliyevə bağlayıb. İnanır ki, o, problemlərini oxusa, onlara kömək edəcək:
“Bu dəfə də 7 illik seçildi. Bəlkə bundan sonra bizə tərəf də baxacaq, nə bilmək olar? Problemimiz çoxdur. Bizə tərəf bircə dəfə baxsa, əminəm, biri də qalmaz. Kəndlər, bölgələr məhv olub gedir, insanlar yaşamır, sürünür, amma səsimiz heç yerə çıxmır. Hara yazırıq, nəticəsi yoxdur. Misal üçün biz yoldan yazırıqsa, çəmənlikdən cavab verirlər. Durum budur. Qapalı bir mühitdəyik, səsimizi heç kimə eşitdirə bilmirik. İmkan vermirlər informasiya çıxsın kəndlərdən, boğurlar səsimizi. Məktubların cavablarını da göstərərik, görərsiz, bizim yazdığımız problemlər hara, aldığımız cavablar hara. Vallah, əlaqəsi yoxdur”.
Yolları asfaltlayırlar, deyirlər inkişafdır
“Yolları asfaltlayırlar, deyirlər inkişafdır. Kəndlinin qarnı acdır, maşını yoxdur. Neyləyirik o asfaltı? Birinci bizə şərait yaratsınlar, işimiz-gücümüz olsun, sonra maşın işinə baxarıq”, – deyən Səringül Əmiraslanova əlavə edir ki, bu gün onlara vacib olan əkin sahələrinin qrunt sularından təmizlənməsidir:
“Ona da söz verir, baxmırlar. Kəndlinin bir torpağı var, varı-yoxu yeganə torpağı. Onu da əkə bilməyəndən sonra nə etsin?”
Sakinlərdən Kamal Rzayev işsizdir. Deyir, becərmək üçün verdikləri torpağı da zinə suları basıb:
“2 uşağım var, bilmirəm necə dolandırım. Üzlərinə baxmağa da utanıram, vallah. Burada güman nə ola bilər? İş yox, güc yox, heyvan yox, əkin əkə bilmirik. Biz uşağı nə ilə saxlamalıyıq? Daha uşaqpulu da vermirlər. Deyirlər ki, iş yeri torpaqdır. Suvarmaq üçün su yox. İldə bir neçə dəfə qrunt sularının altında qalır. Dolanmaq mümkün deyil. Sosial yardıma müraciət etdik, vermədilər. O da ancaq məmurlar, varlılar üçündür”.
Sosial yardım yox, iş yox, əkin yox, heyvan yox
Ağarza Ağayevin ailəsi 10 nəfərdən artıqdır. O da dolana bilmədiklərindən şikayətçidir. Deyir, hökumət onlara tərəf baxa, torpaqlarını yararlı hala sala, bunlar xəyal kimi bir şeydir:
“Evimizi su apardı, bir manat pul vermədilər. Qaldı torpaqları şoranlaşmadan qurtara, qrunt sularına bir çarə tapalar. Uşaq pulu yox, sosial yardım yox, iş yox, əkin yox, heyvan yox. Daşqından qalan problemləri də həll etmirlər. Kollektoru lil basıb, gəlib baxmırlar. Daşqının vurduğu fəsadı da heyvanımızı satıb aradan qaldırdıq. Özümüz, öz gücümüzə. Nə vaxt müraciət edirik, icra hakimiyyəti deyir, “istədiyiniz şey bizim imkanımız xaricindədir, nə zaman imkan olar, kömək edərik”. Bu neçə ili bir dəfə də olsun imkanları olmadı. 16 sot torpağım var. Hamısı qalıb qrunt sularının altında. Allahın göyərtisini əkə bilmirəm. Bunlar taxıldan dəm vururlar”.
Gözümü açandan zülmdəyəm
70 yaşlı Şükufə Rzayeva yaşadığı evi göstərir. Deyir, burada heç kim qalmaz, o, yaşayır:
“Buna da yaşamaq demək olarsa. Bu yaşımda 8 nəvə ilə bir evdə qalıram. İmkan olsa, ayıraram, yoxdur. Yeni ev tikmək bir yana, sarı su daşanda yaşadığımız evi də məhv etdi. Ancaq tikmədilər, kompensasiya vermədilər. 7 oğul böyüdüb əsgər göndərmişəm. 3 qız böyüdüb, ana etmişəm. Ancaq bu gün xoşbəxt, normal yaşayışım yoxdur. Elə gözümü açandan zülmdəyəm”.
İmkan daxilində onlara kömək etməyə çalışacağıq
Meydan TV məsələyə münasibət öyrənmək üçün Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən indiyədək şikayət etdiyi üçün heç kimə güldən ağır söz deyilmədiyini söyləyiblər:
“O ki qaldı kəndlilərin problemlərinə, yavaş-yavaş hamısı həll ediləcək. Hər il nə qədər problemlə bağlı hesabatlar hazırlayır, Bakıya göndəririk. Hər il onların həlli ilə bağlı büdcədən vəsait ayrılır və biz həmin problemləri bir-bir həll edirik. İş yavaş-yavaş gedir. Bütün problemlər bir gündə həll edilmir ki…”.
Mil-Muğan Meşə Meliorasiya İdarəsinin rəisi Xanhüseyn Əhmədov isə bildirib ki, bəli, Dəllər kəndində qrunt suları ilə bağlı problem var. Kənd sakinləri bu yaxınlarda onlara bu barədə yazıblar:
“Biz bu yaxınlarda oraya 8 kilometrlik drenaj kanal çəkmişik. Sahələrə toplanan qrunt suyunu dövlət Kür çayına axıdır. 5 kənddə bu problem var. Onların hamısının suyu motorlarla Kürə axıdılır. Sadəcə motor çatışmır. Başçı ora gedəndə də dedi ki, əlavə 2 motor da qurulacaq. Onda qrunt suyu problemi qalmayacaq”.
X. Əhmədov deyir ki, Saatlı-Sabirabad rayonları Kür ovalığının ən çökək yeridir. Elə ona görə çay daşqını olanda da onlarda problem yaranmışdı:
“Ancaq imkan daxilində onlara kömək etməyə çalışacağıq”.