Kəndlilər: Pay torpaqlarında evlər tikilib, 20 ildir istifadə edə bilmirik

Talış kəndinin sakinlərindən torpaq tələbi

Source:


Talış kəndinin sakinlərindən torpaq tələbi

“Əlimizdə pay torpaqlarına görə dövlət aktlarımız var. Ancaq torpaqlarımızdan istifadə edə, əkinlə məşğul ola bilmirik”.

Hacıqabulun Talış kəndində 20 il əvvəl aqrar islahatlar yolu ilə kəndlilərə pay torpaqları paylansa da, indiyədək sakinlər həmin torpaqlardan yararlana bilməyiblər. Dövlət aktı ilə 2 hektardan çox pay torpağına sahiblənən, ancaq faktiki indiyədək torpaqdan istifadə edə bilıməyən kənd sakinlərindən biri də Zaman Salmanovdur. Onun sözlərinə görə, həmin torpaqların üzərində qanunsuz tikililər – fərdi evlər var.

Sənədi alandan sonra gördüm, torpağın üstündə evlər var

“Pay torpağına görə Dövlət Aktını alandan sonra gedib torpağa baxanda gördüm ki, üzərində evlər tikilib, yaşayış var. Sənəd əlimdə, qapıları döydüm, hansı quruma getdimsə, dedilər, gözlə… 20 ildir gözləyirik, 20 ildir torpağımızdan istifadə edə bilmirik, halbuki, kəndlinin dolanışığı torpaqdan çıxır”, – Zaman Salmanov deyir.

Təkcə Zaman Salmanov yox, Talış kəndində onlarla ailə torpağından uzaq düşüb. Torpaqlar satılıb, üzərində evlər tikilib və sonradan kəndlilərə artıq üzərində tikililər olan torpaq sahələrinə görə sənədlər paylanıb. Dəfələrlə hökumətə müraciət olunub ki, başqa yerdən torpaq ayrılsın. Ancaq faktiki, 20 ildir ki, problem həllini tapmır:

Boş torpaqları özləri əkib pul qazanırlar

“Bələdiyyənin ehtiyat fondunda boş torpaq sahələri var. Saxlayıblar öz əllərində, özləri əkirlər, xeyir götürürlər, kəndliyə çatanda deyirlər, o torpaqları paylamaq olmaz. Bələdiyyənin ehtiyat fondundakı torpaqlardan özləri istifadə edir, bizə çatanda deyir, əlində sənəd var, torpağın var, get, həll elə…”

Zaman Salmanovun ailəsi 10 nəfərdən ibarətdir. Ailə üzvləri arasında əlil də var. İşsizlik ailənin sosial durumunu acınacaqlı vəziyyətə salıb. İstədiyi də odur ki, nəhayət, dövlətin ayırdığı qanuni pay torpağından istifadə edə bilsin, ailəsini dolandırsın.



Bir kəndin pay torpağı başqa kəndin ərazisinə düşəndə…

Hacıqabul Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 20 il əvvəl aparılmış torpaq islahatları zamanı Talış kəndindəki ailələrə pay torpaqları qonşuluqdakı Kolanı kəndinin ərazisindən ayrılıb. Ancaq pay torpaqları ayrılanadək artıq həmin torpaqların üzərində Kolanı sakinlərinin məhəllələri varmış:

“Adamlar hələ əvvəldən həyətyanı sahələr götürüb, fərdi evlər tikib, orda yaşayırdılar. Həmin torpaqlara görə Dövlət Aktları veriləndə o torpaqlarda evlər vardı. Orda bir qarış da boş torpaq yoxdur, məhəllələrdir. Talış kəndinin sakinləri dəfələrlə müraciət ediblər, hər dəfəsində də onlara izah olunub ki, bu məsələ məhkəməlikdir. Pay torpaq mübahisələri ilə məşğul olan Aqrar-İslahat Komissiyası çoxdan ləğv edilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də yoxdur artıq… Üstəlik, pay torpaqlarının paylanmasından uzun müddət keçib. Ya yerli bələdiyyəyə müraciət edib pay torpağı əvəzinə torpaq sahəsi istəməlidirlər, ya da əllərində torpaq sahələrinə görə Dövlət Aktları varsa, məhkəməyə müraciət etməlidilər. Dövlət qurumları ilə yazışmalar vaxt itkisidir”.

Ana səhifəBölgəKəndlilər: Pay torpaqlarında evlər tikilib, 20 ildir istifadə edə bilmirik