Yataq xəstəsi olan Salyan rayon vətəndaşı kömək istəyir
Salyanın Arbatan kəndində yaşayan Ağabacı Cəfərova 20 ildən çoxdur hərəkət qabiliyyətini itirib. Onun əziyyətini çəkən yeganə oğlu Tapdıq isə görmə bacarığını tamamilə itirmək üzrədir.
“Dərdimi deməyə utanıram”
Ağabacı Cəfərova artıq neçənci ildir bütün gününü eyni çarpayıda keçirdiyini xatırlamır. Hərəkət edə bilmir, həmişə uzanmaq məcburiyyətindədir. Emosiyasız danışa bilmir, ağlayır.
“Ayaqlarımda ağrılar vardı. İynə vurdurdum. Ayaqlarım tutuldu. İllərdi bu vəziyyətdəyəm. Oğlum baxır mənə. Təmizləmək, yedizdirmək. Hərdən qızlarım gəlir. Ərləri həmişə icazə vermir, onların da öz qayğıları var. Sizdən çox üzr istəyirəm, adicə təbii ehtiyacımı ödəməyə gərək iki nəfər kömək eləsin”, – Ağabacı bunları danışdığına görə xəcalət çəkdiyini deyir.
Qadının əlil arabası yoxdur. Dövlət orqanlarından yalnız biganəlik görüb. Gəlib maraqlanan, hər hansı kömək təklif edən olmur. Cəmi 150 manat pensiya alır. Təxminən beş il əvvəl Heydər Əliyev Fonduna müraciət edib: “Yazdım ki, nə olar, kömək eləyin, vəziyyətimiz ağırdı. Cavab gəldi ki, həyat yoldaşı, uşaqları var, nə vaxt baxmasalar, onda kömək eləyərik”.
Ağabacı həyat yoldaşını altı ay əvvəl itirib. Xərçəngə tutulub, iki aya orqanizmi tam sıradan çıxıb. Qadın danışır ki, mərhum həyat yoldaşı zəhmətkeş adam olub, ailəni birtəhər dolandırmağa çalışıb. Fəhləlik eləyir, daş daşıyırmış. Bu il əvvəlcə onun xəstəliyi, ardınca vəfat etməsi ailənin vəziyyəti lap ağırlaşdırıb.
“Bəs neyləyək, acından ölürük axı…”
İndi ailənin bütün yükü Tapdığın üzərindədir. Onun gözünün birinin 1, digərinin 10 faiz görmə qabiliyyəti var. Daha çox sıradan çıxan gözünün bərpası mümkünsüzdür, donora ehtiyac var.
“Anadangəlmə belə olub. Mirvari suyu gəlmişdi. Bir il də məktəbdən saxladıq. Linza qoydurmuşduq. Sən demə, linza ilə birlikdə eynək də taxmalıymış. Bir də onda xəbər tutduq ki, həmin gözü heç linza ilə də fəaliyyət göstərə bilmir”, – Ağabacı belə deyir.
Tapdıq çox az danışır. Deyir ki, sizi aydın görmürəm, sadəcə, bilirəm, evə adam gəlib. Amma bu vəziyyətdə işləməyə məcburdur. Anasının pensiyası yaşamağa bəs etmir. Kənddə adamlara təsərrüfat işlərində kömək edir ki, evə bir neçə manat gətirsin.
“Uşaq təkbaşına qalıb. Kənddə məni qınayırlar ki, gözü görməyən uşağı işləməyə göndərirəm. Bəs neyləyək, acından ölürük axı…”, – Ağabacı yenə ağlayır.
“Yalvarıram, kömək eləsinlər”
Ağabacı Cəfərovanın oğlu ilə yaşadığı ev çox nimdaş görünür. Pəncərə şüşələri yoxdur, soyuğun qarşısını müşəmbə ilə almağa çalışırlar. Ev əşyaları tamam sıradan çıxıb.
“Yağış düz içəri yağır. Amma daha bu şeyləri düşünə bilmirəm. Mən heç, oğlumun görmə qabiliyyəti bir az yaxşılaşsaydı… İçməli su yoxdur, gedib su daşıyır. Qaranlıqda heç hərəkət eləyə bilmir. Ağlayıram, uşaq da pis olur”, – Ağabacı bu dəfə göz yaşlarını saxlayır.
Tapdıq yan otaqda olanda ana deyir ki, ağrıdan gecələr yata bilmir, imkan eləyib ağrıkəsici vurduranda bir az sakitləşir: “Qurbanolduğum xəstəliyi də kasıblara verir…”
Tapdıq bizi yola salır. Ağabacı xısın-xısın ağlayır: “Yalvarıram, kömək eləsinlər. Mən öləcəm, bu uşaq əllərdə qalacaq…”