Kənd sakinləri: Məmur kəndimizin şəhidlərini və şəhid ailələrini söyüb

“Oğlumun ölmüşünə, hamısı şər, böhtan və yalandır”

Source:
Sədaqət Ağayev
Sədaqət Ağayev


“Oğlumun ölmüşünə, hamısı şər, böhtan və yalandır”

Yevlaxın Səmədabad kəndinin sakinlərinin şikayəti var. Onlar Meydan TV-yə müraciət edərək “Aqrolizinq” ASC – nin Yevlax regional filialının direktoru Sədaqət Ağayevin kəndlərinin şəhidlərini və şəhid ailələrini təhqir etdiyini deyirlər.

Kənd sakinləri bildirirlər ki, hadisə taxıl biçini başlayanda olub. Belə ki, biçin növbəsi onların kəndinə çatanda kombaynlar sahələri biçməyə başlayıb. Ancaq sahələrin hamısı biçilib, qurtarmamış Sədaqət Ağayevin göstərişi ilə kombaynlar qonşuluqdakı Qarxun kəndinə doğru yola düşüb:

“Bu zaman bütün kənd camaatı texnikanın qarşısını tutduq. Dedik, bizim sahələr biçilib qurtarmamış hara gedirsiniz? Həmin vaxt Qarxun kəndinin Qarabağ müharibəsində iştirak etmiş sakinləri gəldilər ki, bəs biz veteranıq, bizim sahələr biçilsin, xahiş edirik. Bizim kənd camaatı da dedi ki, Səmədabad kəndində də xeyli şəhid ailəsi var. Onlar da müharibədə iştirak ediblər, vuruşublar. Biz də sahələrimizin biçilməsini istəyirik. Bu zaman Sədaqət Ağayev bizim kəndin şəhidlərini və şəhid ailələrini nalayiq söyüşlərlə təhqir etdi. Qardaşı Qarabağda şəhid olmuş kənd sakini də orada idi. Onunla Sədaqət Ağayev arasında mübahisə yarandı. İş polisədək gedib çıxdı”.

İstəyimiz belə, harınlamış məmurların cəzasını çəkməsidir

Kənd sakinləri taxıl problemlərinin bu gün də qaldığını söyləyirlər. Ancaq onlar bunun vacib olmadığını deyirlər:

“Tək istəyimiz belə harınlamış məmurların cəzasını çəkməsidir. Onun vəzifədən uzaqlaşdırılmasını, bunun digərlərinə dərs olmasını istəyirik. Sədaqət Ağayev bizim şəhidimizi, şəhidlərimizin ailələrini təhqir edib, söyüb. Bu, cəzasız qala bilməz. Yoxsa hərənin bir hektaryarım yeri var, lap əllə də biçə bilərik. Maksimum həmin sahələrdən camaata 200-250 manat xeyir qalacaq. Bu, önəmli deyil. Bu gün bizi incidən xalqa xidmət etməli olan hansısa bir məmurun vətən uğrunda canından keçən birini və ailəsini təhqir etməsidi, vəssəlam. Bunu edibsə, cəzasını almalıdır. Biz bu gün buna göz yumuruqsa, sabah başqa şeylərə də göz yummalı olacağıq. Kənd camaatı olaraq tələb edirik, Sədaqət Ağayev cəzalandırılmalıdır”.

Şəhid adı çəkməmişəm

“Aqrolizinq” ASC-nin Yevlax regional filialının direktoru Sədaqət Ağayev isə Meydan TV-yə bildirib ki, deyilənlərin hamısı şər-böhtan, yalandır. O, heç kəsi söyüb, təhqir etməyib:

“Ümumiyyətlə, şəhid adı çəkməmişəm. Mən sadəcə, heç kim narazı qalmasın, məhsul xarab olmasın deyə istədim birinci arpalar biçilsin, çünki arpa biçilməyəndə yerə tökülür, məhv olur. Ondan sonra buğdanı biçdirəcəkdim. Səmədabad kəndində arpalar biçildi. Dedim, digər kənddə də arpa biçilsin. Sonra keçəcəkdik Səmədabadın buğdalarına. Kombaynları qonşu kəndə aparan zaman bir nəfər cavan oğlan mənə yumruq atdı, hamının içində təhqir etdi. Mən onunla bağlı polisə müraciət etmişəm, iş gedir. Yevlax camaatı məni tanıyır, heç vaxt ağzımdan nalayiq söz, söyüş, təhqir eşitməyiblər. Mənim həyatım, canım, varlıq səbəbim bircə oğlum var. Ondan ötrü ölümə də gedərəm, həbsə də düşərəm, nə desən, edərəm. Oğlumun ölmüşünə, hamısı şər, böhtan və yalandır”.

Respublikada kombayn çatışmazlığı var

Sədaqət Ağayev bildirib ki, rayonda cəmi 11 kombayn, 50 kənd var. Odur ki, kombayn çatışmazlığı yaranır. Biçini növbəli etməyə məcburdur:

“Heç kimin taxılı yerdə qalmayacaq. Sadəcə arpa və buğda həmişə növbəli şəkildə biçilir. Bizim millət istəyir ki, hər şey bir günün içində olsun, bitsin. Belə etmək mümkün deyil axı. Çünki rayonda, ümumiyyətlə, respublikada kombayn çatışmazlığı var”.

Ana səhifəBölgəKənd sakinləri: Məmur kəndimizin şəhidlərini və şəhid ailələrini söyüb