“230 min manatım ələ keçirilib”
Uzun illər Naxçıvan Ali Məclisinin deputatı olmuş, Muxtar Respublikada rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramov 230 min manatının ələ keçirildiyini, prokurorluğun da buna göz yumduğunu iddia edir. Onun sözlərinə görə, birgə işdən qazanc götürmək məqsədilə bu qədər pul verib, sonradan başa düşüb ki, aldadılıb, ortada heç bir biznes yoxdur.
Keçmiş deputat onu Elçin Bağırova verdiyini iddia edir. Onun sözlərinə görə, birgə iş dedikdə armatur biznesindən söhbət gedirdi: “Razılaşma belə idi ki, ucuz qiymətə armatur alınacaq, tikinti şirkətlərinə satılacaq, bundan əldə olunan qazanc bölünəcək. Elçinə pulu verəndə soruşdum ki, armaturlar hansı tikinti şirkətinə veriləcək? Elçin Bağırov məni Bakıda tikintisi davam edən iki hündürmərtəbəli binanın yanına aparıb, onları göstərdi. Amma tikinti şirkətlərinin rəsmilərindən heç kimlə görüşmədik. Elçin Bağırov əmin edirdi ki, armaturları həmin şirkətlərə satacaq, artıq danışıblar, razılaşıblar. Bir ay keçdi, amma qazancdan səs çıxmadı”.
N.Bayramovun sözlərinə görə, E.Bağırovdan bir neçə dəfə bu haqda soruşub, amma hər dəfə bir bəhanə ortaya atılıb. Aldadılmasından şübhələnən sabiq deputat deyir ki, sonda bir müddət əvvəl ona göstərilən tikinti şirkətlərinə gedib, E.Bağırovun onlara armatur satıb-satmadığını soruşub: “Məlum oldu ki, Elçin Bağırovun armatur biznesi yalan imiş, bunlar ümumiyyətlə, belə bir adam tanımırlar”.
N.Bayramov bundan sonra aldadıldığına əmin olub və E.Bağırovla görüşüb: “Yalanlarının üzə çıxdığını gördü. Bu dəfə də dedi ki, onu Rüfət adlı bir nəfər aldadıb, pulları ələ keçib. Amma demədi ki, Rüfət kimdir, harada olur, nə işlə məşğuldur. Bir müddət də keçdi, gördüm ki, pulu qaytaran deyil, hüquq-mühafizə orqanlarına şikayət etdim”.
N.Bayramovun narazılığına səbəb olan əsas məsələ isə prokurorluğun E.Bağırov haqqında cinayət işi başlamaqdan imtina etməsidir. Onun sözlərinə görə, Yasamal Rayon Prokurorluğu baş verənləri dələduzluq yox, uğursuz biznes kimi qiymətləndirərək, E.Bağırovu cinayət məsuliyyətinə cəlb etmək istəmir: “Bütün səs yazılarını da təqdim etmişəm. O danışıqlarda məndən pulu aldığını etiraf edir. Anlamıram ki, bu adamı kimlər və niyə qoruyur? Baş Prokurorluğa da şikayət etmişəm, nəticə yoxdur. Bu adamın əməllərini ört-basdır edirlər”.
E.Bağırov bundan əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə məhkum edilib. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza verilmişdi. Həmin cinayət işi üzrə 14 nəfər zərərçəkmiş qismində tanınmışdı. Onlar əsasən, mənzil almaq istərkən aldadılan vətəndaşlar idi. Eyni mənzillər müxtəlif adamlara satılmışdı. Zərərçəkmişlər arasında deputat İsa Həbibbəylinin qardaşı da vardı.
E.Bağırov isə N.Bayramovdan pul almadığını, onunla heç bir iş görmədiyini iddia edir. O bildirib ki, xeyli müddət Habil Əliyevlə işləyib, pulu da ondan borc alıb. Sonradan ziyana düşüb, maddi durumu pisləşdiyinə görə pulu qaytara bilməyib. Məbləğ də 230 min yox, 110 min olub.