Keçmiş xidmət rəisinin 600 min dollarlıq əmlakına həbs qoyulub

Zakir Sultanov özü də əmlakların zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Mənbə: Banker.az


Zakir Sultanov 4 milyon manat zərər ödəyib

Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbsdə olan sabiq rəisi, 5 milyon manatdan artıq yeyintidə ittiham olunan Zakir Sultanovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyilə, Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Avqustun 6-da məhkəmənin hazırlıq iclasında Zakir Sultanovun vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, müvəkkili zərəri ödəyib. Vəkilin sözlərinə görə, zərərin 4 milyon manatı nağd şəkildə ödənilib. Sabiq xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Zakir Sultanovun ötən ilin mayında həbs olunana qədər rəhbərlik etdiyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti iş üzrə zərərçəkmiş qismində tanınıb. Xidmətin nümayəndəsi məhkəmədə bildirib ki, onlar zərərin ödənilməsindən xəbərsizdir.

Vəkil deyib ki, pul hesaba köçürülüb, əmlaklarla bağlı da məhkəmə qərarı var.

Zakir Sultanov özü də əmlakların zərərin əvəzi kimi hesablanmasına razılıq verib.

Buna baxmayaraq, prokuror onun ev dustaqlığına buraxılmasına etiraz edib: "Şahidlərə təsir göstərmək ehtimalı var…"

Zakir Sultanov dövlət ittihamçısının bu arqumentinə cavab olaraq bildirib ki, heç vaxt şahidlərə təsir göstərmək niyyətində olmayıb. Belə bir imkanı da yoxdur.

Hakimlər onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

Sabiq xidmət rəisi 2020-ci ilin mayında həbs olunandan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Vəkili onun Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə də vəsatət qaldırıb. Bu vəsatət isə təmin edilib.

Zakir Sultanovun işi üzrə məhkəmə istintaqı avqustun 13-dən başlayacaq.

Zakir Sultanov DTX əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. Rafiq Bayramovun işi üzrə istintaq yrkunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrıldı.

Zakir Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətKeçmiş xidmət rəisinin 600 min dollarlıq əmlakına həbs qoyulub