Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədli 2016-ci ildə həbs olunub və 4 ildən sonra azadlığa buraxılıb. F.Əhmədli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, həbs olunmazdan əvvəl “Azerfon” mobil rabitə şəbəkəsində çalışıb. Azadlığa buraxılandan bəri isə işsiz olduğunu deyir:
“Mənim əlavə cəzam da var idi. 1 il 6 ay müddətində dövlət və özünü idarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilmişdim. Hətta həmin cəza bitdikdən sonra mən ixtisasıma uyğun yerli və beynəlxalq şirkətlərə CV göndərirəm, amma mənə göstərilən səbəb o olur ki, sən əgər hər hansı cinayət törədərək həbs olunsaydın, biz səni işə ala bilərdik. Mən bildirəndə ki, şərlənərək həbs olunmuşam, mənə verilən cavab o olur ki, biz səni işə götürə bilməyəcəyik”.
Fuad Əhmədlinin sözlərinə görə, o Dövlət Məşğulluq Agentliyinə, DOST Mərkəzinə müraciət edib, amma təklif edilən vakansiyalar üzrə zəng vursa da, oradan ona belə vakansiyalar olmadığını deyirlər:
“Mən ikinci dəfə hansısa vakansiya üçün müraciət edəndə mənə cavab verildi ki, biz səni hansısa işə də düzəldərik, amma 1-2 aydan sonra “Facebook”da yazdığın status xoşlarına gəlməyəcək və səni işdən uzaqlaşdıracaqlar”.
Onun sözlərinə görə, siyasi diskriminasiya bəzən adamı ruhdan salır: “Mənim əlavə imtiyaza ehtiyacım yoxdur, özəl vətəndaş münasibətini görmək istəmirəm, bu qorxu sistemini aradan qaldırılmasını istəyirəm. Hakimiyyətin başında dayanan insanların özlərinin umrunda deyil mən harada işləyirəm, sadəcə sahibkarlar özləri qorxur məni işə götürməyə”.
Dövlət Məşğulluq Agentliyi tərəfindən verilən məlumata görə, 2022-ci ilin 6 ayı ərzində 80-ə yaxın keçmiş məhbus işlə təmin edilib. Qurumun məlumatına görə, cəzaçəkmə yerlərindən azad olunan şəxslərin məşğulluğunun təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Müqayisə üçün qeyd olunan tarixdə neçə nəfərin həbsdən azad olunmasıyla bağlı Penitensiar Xidmətə sorğu göndərsək də, qurum rəsmiləri bu rəqəmlərin xidməti istifadə üçün nəzərdə tutulduğunu əsas gətirərək, məlumatları açıqlamırlar.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən verilən məlumata görə, məhkum azad olunmamışdan üç ay əvvəl qeydiyyatda olduğu əraziyə müvafiq olaraq məşğulluq idarələri və digər müvafiq qurumlara sorğular göndərilir ki, bu məhkum üç ay sonra azad olunur, onların işlə təmin olunması barədə bizə məlumat verin. Eyni zamanda məhkumun sosial-məişət problemlərinin həlli üçün də aidiyyatı qurumlara müraciət olunur.
Məhkum azad olunduqdan sonra iş tapmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edə bilər.
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanuna əsasən, sosial adaptasiya tədbirlərini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirməlidir.
Qanuna əsasən, cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiyası məqsədilə qeydiyyata alınmalı, onlarla hazırlıq işləri aparılmalıdır.
Beynəlxalq və yerli təşkilatlar Azərbaycanda hökumət tənqidçilərinə qarşı siyasi motivli təqiblər və həbslər barəsində narahatlıq ifadə etsə də, rəsmi Bakı bir qayda olaraq bu ittihamları qəbul etmir. Azərbaycan hakimiyyəti ölkədə bütün əsas hüquq və azadlıqların qorunduğunu, heç kimin siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.