Arif Rəhimovun rəhbərliyi dövründə yarım milyona yaxın vəsaitin mənimsənildiyi iddia edilir
Bakıda keçirilən “Formula 1” yarışlarının təşkili zamanı 398 min manatdan çox büdcə vəsaitini mənimsənilməsi ilə əlaqədar mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun məhkəmədə dindirilməsi üçün noyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəsatət qaldırılıb. Çünki Arif Rəhimov uzun illər Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru vəzifəsində çalışıb və mənimsəmə də onun rəhbərlik etdiyi dövrdə baş verib.
Mənimsəmə ilə əlaqədar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) İdman Əməliyyatları şöbəsinin keçmiş rəisi Çingiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub. O, həbsdə olmasa da, 6 aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilir.
Özü ifadə verib, bir neçə şahid də dindirilib. Lakin ittiham tərəfin şahidlərindən ikisi – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizat şöbəsinin müdiri olmuş Zaur Məlikaslanov və Çingiz Mehdiyev keçmiş müavini Urfan Tağızadəyə çağırış göndərilməsinə baxmayaraq, məhkəməyə gəlmir. Urfan Tağızadənin Amerikada olması barədə məlumatlar var.
Çingiz Mehdiyevin vəkili Araz Hüseynli bildirib ki, bu şahidlərin məhkəmədə dindirilməsi vacibdir, onların istintaqdakı ifadələrilə kifayətlənmək olmaz. Vəkilin sözlərinə görə, Zaur Məlikaslanovun ifadəsi ittihamın mahiyyətini təşkil edir.
Məhkəmə prosesinə sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, şahidlərin məhkəmədə iştirakının təmin olunması üçün lazım olan addımlar atılacaq. Hər iki şahidin məcburi gətirilməsinə qərar verilib.
Çingiz Mehdiyev 2007-ci ildə Amerikada yaşayanda ad-soyadını Gino Metie kimi sənədləşdirib. Məhkəmədə ondan bu addımının səbəbini soruşublar. O, bunun səbəbini şəxsi məsələ ilə əlaqələndirib və ətraflı danışmaq istəməyib.
Daha sonra vəkil Araz Hüseynli mərhum nazirin oğlu Arif Rəhimovun əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, o, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olub. O, bu qurumun rəhbəri kimi, beynəlxalq yarışa ayrılmış vəsaitin necə xərclənməsinə də ciddi nəzarət etməli idi:
“Bu, elə-belə yarış deyil, 150 milyon pul ayrılıb. Hər qəpiyin xərclənməsinə nəzarət olunmalı idi. Buna görə məsuliyyət daşıyır. Belə görünür ki, işinin öhdəsindən gəlməyib. Gəlsin cavab versin ki, necə nəzarət eləyib”.
Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, Arif Rəhimovla bağlı məsələyə istintaq vaxtı baxılıb və hüquqi qiymət verilib. Ona görə də hazırda Arif Rəhimovun dindirilməsinə ehtiyac görmür: “Amma məhkəmə lazım bilib çağırsa, bizim üçün fərqi yoxdur, gəlib ifadə versin”.
Leyla Əsgərova-Məmmədova, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyası müzakirədən sonra vəsatətin baxılmamış saxlanılımasına qərar verib. Növbəti məhkəmə iclaslarında bu barədə yekun qərar veriləcək.
Bundan sonra cinayət işinin materiallarındakı sənədlər elan olunub. Sənədlər elan ediləndə isə məlum olub ki, istintaq dövründə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu cinayət işi üzrə araşdırma gedəndə Arif Rəhimov haqda da araşdırma aparılıb. Sonra isə cinayət işi başlanması rədd edilib.
Məhkəmə prosesi dekabrın 16-da davam edəcək.
Çingiz Mehdiyev keçmiş həyat yoldaşının ifadəsi əsasında cinayət məsuliyyətinə cəlb olunub. Nərminə Əkbərova prokurorluğa müraciət edərək, Çingiz Mehdiyev yarışların təşkilində yeyintiyə yol verdiyini, əldə olunan vəsaitlərə Amerikada qardaşının adına mülklər aldığını, pulların bir hissəsini Seyşer adalarında anasının adına qeydiyyatdan keçmiş “Dayton İnvestment LTD” şirkətinin hesabına köçürdüyünü deyib.
Çingiz Mehdiyev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.
Çingiz Mehdiyevin dəyəri təxminən 1 milyon olan əmlaklarının üzərinə həbs qoyulub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 2013-cü ildə yaradılmış “Baku Grand Prix” şirkətinin hüquqi varisidir. Bu şirkət “Formula-1” Avropa Qran Pri yarışlarının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmışdı.
Çingiz Mehdiyev 2015-ci ildə şirkətə əməliyyat meneceri kimi işə götürülüb. 2016-cı ildə şirkətin İdman Əməliyyatı şöbəsinin rəhbəri təyin olunub və 2020-ci ilə qədər bu vəzifədə işləyib.
Çingiz Mehdiyev özünü təqsirli bilmir, külli miqdarda büdcə vəsaitlərini mənimsəməsi, həmin pullara ABŞ-da evlər alması və s. barədə Nərminə Əkbərovanın dediklərini təkzib edib.