Qüdrət Ramazanoğlu HƏP-in İlham Əliyevi dəstəkləməsinə etiraz edib
Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini Qüdrət Quliyev də (Ramazanoğlu) partiyadan istefa verib.
Bu barədə noyabrın 6-da Qüdrət Quliyev “Facebook” hesabında məlumat yayıb.
“Mən HƏP-i tərk etdim: Qüdrət Ramazanoğlu. Azərbaycanın haqqı və ədaləti uğrunda, vəhdəti və xoşbəxtliyi uğrunda, vətəndaş azadlıqları uğrunda, insanın firavan yaşamaq hüququ uğrunda, millətimin millətlər içində sayılan imzası uğrunda heç bir siyasi mənsubiyyəti olmadan belə bundan sonra da son nəfəsinə qədər var olacaq bir soydaşınız”, – deyə o bildirib.
O da istefasını HƏP sədri Əli İnsanovun Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləməsi ilə əlaqələndirib.
Qüdrət Quliyev Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və nazir əvəzi, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı olub.
2020-ci ilin iyun ayında Haqq Ədalət Partiyasına üzv olub.
Daha sonra onlayn səsvermə ilə partiyanın İdarə Heyətinin üzvü və partiya sədrinin müavini seçilib.
Ondan əvvəl isə Haqq Ədalət Partiyasının (HƏP) sədr müavini İsfəndiyar Vahabzadə üzvü olduğu partiyadan istefa verib.
Qüdrət Quliyevin hazırda ABŞ-da yaşadığı bildirilir. O, yaydığı məlumatda da Vaşinqtonda olduğunu qeyd edib.
Haqq Ədalət Partiyası noyabrın 5-də Prezident İlham Əliyevi dəstəkləmək qərarına gəlib.
Bunu HƏP sədri Əli İnsanov partiyanın İdarə Heyətinin iclasındakı çıxışı zamanı açıqlayıb və bildirib ki, prezident İlham Əliyev öz tarixi missiyasını uğurla yerinə yetirməkdədir, partiya ona dəstək verməlidir.
Əli İnsanov səhiyyə naziri olarkən, 2005-ci ilin oktyabrında həbs olunmuşdu.
2019-cu ildə həbsdən çıxan sabiq nazir hakimiyyətə müxalif olduğunu bəyan edərək Haqq Ədalət Partiyasını yaratmışdı.