Keçmiş nazir məhkəməsində Vasif Talıbovun oğlu barədə danışıb

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi. Foto: “nuhcixan.az”

 “Paket pulu sürücüsü vasitəsilə göndərirdi”

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin sabiq rəisi Mənsur Əsgərovun işi üzrə məhkəmə istintaqı başlayıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq nazir və şöbə rəisinin işinə Faiq Heydərovun sədrliyilə, Səxavət Hüseynov və Hüseyn Məmmədovdan ibarət hakimlər kollegiyası baxır.

Budəfəki məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, Rəfael Əliyev 144, Mənsur Əsgərov isə 132 milyon manatlıq korrupsiyada əlbirlikdə təqsirləndirilir.
Rəfael Əliyev də 2020-ci ildə nazir təyin edilənə qədər Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi işləyib. O, nazir təyin olunanda isə əvvəlki vəzifəsinə Mənsur Əsgərov təyin edilib.

Rəfael Əliyevə Gömrük Komitəsində işlədiyi dövrlə yanaşı, nazir olduğu dövrlə bağlı da ittiham irəli sürülüb. İttihama görə, onun rəhbərliyi dövründə Maliyyə Nazirliyi ayrı-ayrı dövlət təşkilatlarında mənimsəmələrlə bağlı heç bir tədbir görməyib. Əksinə, hər qurumdan ümumi məbləğin 10 faizi alınıb.

Bundan başqa, Rəfael Əliyev Maliyyə Nazirliyində dövlət qulluqçusu olmayan şəxslərə artıq maaş yazmaqda da ittiham olunur. Çinayət işinin materiallarına əsasən, bunun da nəticəsində 98 min manat büdcə vəsaiti israf olunub.

Rəfael Əliyev (sağdan birinci). Foto: arxiv

İttihama münasibət bildirən sabiq məmurlar özlərini qismən təqsirli bildiklərini deyiblər. Daha sonra hər ikisi ifadə verib.

Mənsur Əsgərov bildirib ki, 2001-ci ildən Gömrük Komitəsində çalışıb, 2020-ci ildə şöbə rəisi təyin olunub. Onun sözlərinə görə, sıravi işçi olanda da, şöbə müdiri təyin ediləndən sonra da gömrük sistemində eyni qayda hökm sürürdü. Həm yük, həm də sərnişin xətlərindən toplanan pullar şöbə rəisləri vasitəsilə sonda gedib Gömrük Komitəsinin sədrinə çatırdı.

Mənsur Əsgərovun sözlərinə görə, şöbə rəisi təyin olunmamışdan əvvəl maaşından əlavə aylıq 400-500 manat qeyri-rəsmi (paket) pul alırdı. Şöbə rəisi vəzifəsinə gələndən sonra isə 3000 manat “paket” almağa başlayıb.

O bildirib ki, ona gətirilib verilən pulların hamısını isə qutuya yığıb, şəxsən Gömrük Komitəsinin sədri, general-mayor Səhhət Həbibbəyliyə çatdırıb:

“Qayda əvvəldən belə idi. Şöbə rəisi təyin olunanda Gömrük Komitəsinin sədri məni çağırdı, dedi ki, yığılan pullar ona verilməlidir. Pulların bir hissəsi manatla, bir hissəsi də dollarla olurdu. Manatları da dollara çevirib, qutuya yığıb, aparıb hamısını çatdırırdım. O pullardan mənə heç nə çatmırdı. Ancaq 3 min manat “paket” alırdım”.

Səhhət Həbibbəyli. Foto: “nuhcixan.az”

Mənsur Əsgərov peşman olduğunu da ifadəsində vurğulayıb.

Daha sonra sabiq nazir Rəfael Əliyev ifadə verib. Nazir vəzifəsindən əvvəl Gömrük Komitəsində işlədiyini xatırladan Rəfael Əliyev bildirib ki, bu sistemdə 2009-cu ildən fəaliyyətə başlayıb, iki il sonra şöbə rəisi təyin edilib. Onun sözlərinə görə, yük və sərnişinlərdən toplanan pullar əvvəl aidiyyəti üzrə şöbə rəislərinə verilirdi. Onlar isə idarə rəislərinə çatdırırdı. İdarə rəisləri isə Komitənin sədrinə verirdi. Lakin 2017-ci ildən qayda dəyişib – idarə rəisləri toplanmış vəsaitləri gətirib Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi rəisinə – Rəfael Əliyevə verməli, o isə Komitənin sədrinə çatdırmalıydı.

Rəfael Əliyev deyir ki, o da verilən pullar arasındakı manatları dollara çevirib, hamısını komitə sədrinə çatdırırdı. Onun özünə isə aylıq 1500 manat “paket” verilirdi.

Maliyyə naziri kimi fəaliyyətilə bağlı ittihamlar haqda danışarkən Rəfael Əliyev Naxçıvan Ali Məclisinin deputatı Seymur Talıbovun adını çəkib. O bildirib ki, 2020-ci ildə nazir vəzifəsinə təyin olunandan sonra müxtəlif dövlət qurumlarında qiymətlərin şişirdilməsi yoluyla büdcə vəsaitlərinin mənimsənildiyini bilib və bu barədə Seymur Talıbova məlumat verib. Seymur Talıbov isə ona deyib ki, həmin qurumlardan ümumi məbləğin 10 faizi alınsın.

Seymur Talıbov. Foto: arxiv

Rəfael Əliyev əlavə edib ki, gələn puldan ona heç nə çatmırdı. Sadəcə, ayda 15 min manat “paket” alırdı. Özünün rəsmi maaşı isə 2300 manat idi. Onun sözlərinə görə, “paket” pulu da ona Seymur Talıbov sürücü vasitəsilə göndərirdi.

Seymur Talıbov həm də 1995-ci ildən 2022-ci ildə Naxçıvanda DTX-nın əməliyyatları keçirilən dövrə qədər Muxtar Respublikanın Ali Məclisinin sədri olmuş Vasif Talıbovun oğludur.
Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlar zamanı saxlanılıb. Bu əməliyyatlar nəticəsində həbs olunanlar arasında adları çəkilən iki nəfərdən başqa Naxçıvanın Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, Muxtar Respublikanın Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Hicran Rüstəmov, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov da vardı. Onların hamısı saxlanılaraq, Bakıya – DTX-nın istintaq təcridxanasına gətirilmişdi.

Lakin hazırda bunlardan yalnız Tofiq Həsənov həbsdədir. Ona 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

Tofiq Həsənov. Foto: Azərtac

Meydan TV-nin əldə etdiyi məlumata görə, ittihamda göstərilən məbləğin bir hissəsi ödənilib. Bundan sonra həbsdəkilər azadlığa buraxılıblar. Lakin barələrindəki cinayət işinə xitam verilməyib.

Həbs olunub azadlığa buraxılanlardan Gömrük Komitəsinin sabiq sədri Səhət Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur.

Adları sadalanan məmurların hamısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) və başqa maddələrilə ittiham olunur.
Rəfael Əliyev 2020-ci ilin avqustunda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı əsasında Muxtar Respublikanın Maliyyə naziri təyin edilib.

Ana səhifəBölgəKeçmiş nazir məhkəməsində Vasif Talıbovun oğlu barədə danışıb