İş adamı Sahib İbrahimov dələduzluqda ittiham olunur
“STS” və “Sahil-D Company” şirkətlərinin rəhbəri Sahib İbrahimova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov, iş adamı İbrahim Nehrəmli, “Azad Azərbaycan” telekanalının sabiq rəhbəri Tağı İbrahimovun qardaşı olan Sahib İbrahimov 6 il 9 ay azadlıqdan məhrum edilib.
Sahib İbrahimov 2012-ci ildə o vaxtkı “Nikoil”, indi isə “Yelobank” adlanan bankdan götürülmüş kreditin qaytarılmamasına görə Cinayət Məcəlləsinin 178-ci maddəsilə – dələduzluqda təqsirli bilinib.
Lakin Sahib İbrahimov ittihamı qəbul etmir. O bildirib ki, heç bir cinayət törətməyib. Bu məsələdə də dələduzluqdan söhbət gedə bilməz. Onun sözlərinə görə, bu kreditlər bağlı mübahisəyə məhkəmədə mülki qaydada baxılıb. Qüvvəyə minmiş məhkəmə qərarı var.
Məhkəmədə dindirilmiş bank əməkdaşı da bunu təsdiqləyərək bildirib ki, illik 18 faizlə Sahib İbrahimova kredit verilib. Əvəzində onun bağ evi girov qoyulub. Kreditin qaytarılması gecikdiyinə görə 300 min manat əsas borcdan əlavə, 79 min 500 manat da faiz borcu hesablanıb. Bank pulun alınması tələbilə məhkəməyə üz tutub. Məhkəmə bankın xeyrinə qərar çıxarıb.
Sahib İbrahimovun işi üzrə zərərçəkmişlərdən biri də Yaşar Mahmudovdur. O, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.
Yaşar Mahmudov iddia edir ki, Sahib İbrahimovun şirkətinin inşa etdirdiyi binada mənzil almaq üçün 2009-cu ilin dekabrında 71 min dollar pul verib. Lakin ona mənzil təhvil verilməyib. Sahib İbrahimov isə onun dediklərinin həqiqətə uyğun olmadığını, bu şəxsdən pul almadığını bildirib.
Məhkəmə bu ittiham üzrə Sahib İbrahimova bəraət verib.
Sahib İbrahimov son sözündə ümumiyyətlə, təqsirsiz olduğunu bildirib. O, polislərin evinə basqın etməsindən, istintaqdan gileylənib.
Sahib İbrahimov bundan əvvəl – 2018-ci ilin avqustunda da həbs olunsa da, təxminən ayyarım sonra ev dustaqlığına buraxılmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il 11 ay şərti cəza verilmişdi. O, ikinci dəfə 2021-ci ilin aprelində həbs olundu. Onun haqqındakı şərti cəza hökmü da ləğv edilib.