Keçmiş hərbçi: Vicdanlı hərbçiləri şərləyib ordu sıralarından uzaqlaşdırırlar

İşlə bağlı cv göndərmişəm, dəvət ediblər, getmişəm bir şirkətə, xanım maraqlandı, biləndə ki, uzun illər hərbi qulluqçu olmuşam, dedi, sizi işlə təmin edə bilmərik

Foto: Müdafiə Nazirliyi


Hərbi hissə isə hesab edir ki, Fuad Fətəliyev daxili əmri pozub

“Gələn məktublarda bildirilir ki, məni ordudan guya 2016-cı ildə smartfon tipli telefondan istifadə etdiyim üçün uzaqlaşdırıblar. Birincisi, bu, mənə qarşı böhtandır, ikincisi, hətta əgər qanunu pozmuşdumsa, niyə vaxtında yox, 2 ildən sonra tədbir görülüb?”

Samux sakini olan Fuad Fətəliyev Meydan TV-yə danışır ki, hərbi qulluqçu kimi xidmət etmək üçün 2009-cu ildə Hərbi Səfərbərlik Xidmətinin Samux şöbəsinə müraciət edib. Müraciətindən sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kursuna göndərilib. İmtahan yoluyla kursa qəbul olunub. Həmin ilin oktyabr ayında kursu başa vurub. Bundan sonra xidmətini Gəncədəki N saylı hərbi hissədə davam edib. 2012-ci ilin mayında öz istəyi ilə ön xəttə – Gədəbəydəki N saylı hərbi hissəyə göndərilib və orada 5 il xidmət edib. 2017-ci ildə səhhətində problemlər yarandığından arxa cəbhəyə göndərilməsi üçün müraciət edib.


“Məcbur olub, Mehriban Əliyevaya yazdım”

“Əvvəllər də travmalarım olmuşdu deyə, səhhətimdəki problemlər dərinləşmişdi. Artıq səhhətim şaxtaya dözməyə imkan vermirdi. Dəfələrlə etdiyim müraciətlər qulaqardına vurulurdu. Nəhayət, məndən 3 min manat rüşvət istənildiyinə görə məcbur olub Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Məktuba cavab gələndən sonra məni Gəncədəki N saylı hərbi hissəyə göndərsələr də, necə deyərlər, artıq “qara siyahılarına” əlavə etmişdilər. 1 il 9 ay orada xidmət etdim. Hərbi hissə komandiri mənə batareya komandirim vasitəsilə xəbər göndərdi ki, müddətdən artıq xidmət edənləri başqa hərbi hissələrə göndərsə də, normal xidmət təşkil etdiyim və işimin öhdəsindən layiqincə gəldiyim üçün məni hərbi hissədə saxlamaq istəyir. Ancaq buna görə ona “şirinlik” verməliyəm,”- keçmiş hərbçi deyir.

image_from_ios (2).jpg
Fuad Fətəliyev


“İstədikləri “şirinliyi” vermədim”

Fuad Fətəliyevin sözlərinə görə, hər şey “şirinlik” məsələsində razılığa gəlməməsindən başlayıb:

“Dedim, bir halda ki, mən yaxşı hərbçiyəm, xidmətimdən hamı razıdır, işimi layiqincə yerinə yetirirəm, heç bir xidməti qüsurum yoxdur, nəyə görə kiməsə “şirinlik” verməliyəm? İstədikləri “şirinlik” də 1000-1500 manat civarında idi. Orduda quru maaşa xidmət edən, bu yaşa qədər ev-eşiyi, ailəsi olmayan, həyatını hərbi xidmətə həsr edən adamdan qalıb xidmətini davam etdirmək üçün “şirinlik” istənilməsi qüruruma toxunurdu. Orduda can qoyasan, vicdanla xidmət edəsən, gəncliyini itirəsən, 32 yaşına gəlib çatasan və şəxsi həyatın olmasın, bütün bunlardan sonra da səndən rüşvət istəsinlər. Bu yaşa çatmışam, həyatda quru canımdan başqa heç nəyim yoxdur. Təbii ki, istədikləri “şirinliyi” vermədim, hər şey də bundan sonra başladı. Elə həmin ərəfələrdə hərbi hissədə komandirlə rastlaşdım, dedi, yaman lotu-lotu danıırsan, xəbər göndərirsən mənə. Eşitmişəm, əvvəllər də Mehriban Əliyevaya şikayət yazmısan, ancaq biləsən ki, səni elə yox edərəm, heç Mehriban xanım da dadına çata bilməz”.


“Dedilər, korpus komandirinin əmrləri müzakirə olunmur”

Ötən il mayın 26-da evdə olarkən Fuad Fətəliyevə zəng vuraraq Murova göndərilməsi barədə əmr imzalandığını bildiriblər. Növbəti gün hərbi hissəyə gedəndə ona deyiblər ki, hərbi hissədəki vəzifə ləğv olunduğu üçün Murova göndərilir. O da təyinat vərəqəsini götürərək Göygöldəki N saylı hərbi hissənin ön xətt taboruna gedib:

“Məni Murova göndərəndə dedilər ki, guya vəzifəm üzrə ştat ləğv olunub. Ancaq Murovda olanda eşitdim ki, ştat yerindədi, sadəcə, rüşvət alaraq mənim yerimə başqasını işə götürüblər, məni də pul vermədiyim üçün ön xəttə göndəriblər”.

Ötən il iyunun 4-də Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri, general-mayor Xəqani Cəbrayılov oraya gəlib, hərbçilərlə görüşüb:

“Soruşdu ki, kimin mənə sözü var? Dedim, cənab general, mənim sözüm var. İllərdir ki, orduda xidmət edirəm, uzun illər ön xətdə olmuşam. İndi ön xəttə getməyə səhhətim yol vermir, ancaq məni zorla ön xəttə göndərirlər. O da bildirdi ki, axı göstərişim var, ön xəttə yalnız təzələr getməlidir, köhnələri ön xəttə verməsinlər. Daha iki ay da keçdi, avqustun 29-da məni Göygöldəki hərbi hissə qərargahına çağırdılar, bildirdilər ki, korpus komandiri, general-mayor Xəqani Cəbrayılovun əmri var, ordudan tərxis olunursan. Səbəbini soruşdum, dedilər, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndi ilə tərxis olunursan, yəni xidmətə uyğunsuzluğa görə… Tələb etdim ki, xidmətə uyğunsuz olduğumu əsaslandırsınlar, ancaq dedilər, biz korpus komandirinin əmrini müzakirə edə bilmərik”.

image_from_ios.jpg
cavab məktubu


“Guya qərargah rəisinin əmrini pozmuşam”

Fuad Fətəliyev də təyinat vərəqəsini alaraq Hərbi Səfərbərlik Xidmətinin Samux şöbəsinə təhvil verib. Bundan sonra onun Müdafiə Nazirliyinə müraciətləri başlayıb:

“Sualıma cavab istəyirəm, desinlər, məni hansı nöqsanıma, hansı uyğunsuzluğuma görə ordudan tərxis ediblər? İndiyədək nazirliyə etdiyim bütün müraciətlərim korpus komandiri Xəqani Cəbralıyova göndərilir, o da cavab yazır ki, guya 2016-cı ildə baş qərargah rəisinin hərbi hissə daxilində smartfon tipli telefonların qadağası ilə bağlı əmrini pozmuşam, hərbi hissədə smartfon tipli telefondan istifadə etmişəm. Mən də tələb edirəm ki, bununla bağlı sübutları ortaya qoysunlar. Əgər həqiqətən də mən hərbi hissə daxilində smartfon tipli telefondan istifadə etmişdimsə, bu hadisə aktlaşdırılmalı, əşya aktlaşdırılmalı, məndən götürülərək hərbi hissənin məxfi hissəsinə təhvil verilməliydi. Qərargah rəisinin əmrini pozmaq özü cinayət hesab olunur. Hanı məndən telefonun müsadirəsi ilə bağlı akt? Hanı cinayət işi? Hansı tədbir görülüb? Niyə görə məni cəzalandırmaq 2016-cı ildə yox, 2 ildən sonra yadlarına düşüb?”

Fuad Fətəliyev deyir, bu suallarla Müdafiə Nazirliyinə azı beş dəfə rəsmi müraciət edib, hər dəfə də məktubları korpus komandirinə göndərilir, oradansa iki cümləlik təkrar cavablarla onun özünə qayıdır:

“Bir sözlə, orduda vicdanla çalışanların, canını ordu yolunda qoyanların yeri yoxdur. Vəzifəndə qalmaq üçün “şirinlik” verməlisən, yoxsa səhhətin, imkanların nəzərə alınmadan cəza kimi ön xəttə atılacaqsan. Səsini çıxaranda, haqqını tələb edəndə şərlənəcəksən”.

N saylı hərbi hissədən Fuad Fətəliyevə göndərilən məktubda bildirilir: “… Siz müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 01 fevral 2016-cı il tarixli müvafiq əmrinin tələblərini pozaraq smartfon tipli telefon istifadə etmisiz. Bölmə komandiri tərəfindən raport yazılaraq şərəf məhkəməsinə çıxarılmısınız. N saylı hərbi hissədən təqdim olunan sənədlərə əsasən hərbi hissə komandirinin 21.08.2018-ci il tarixli müvafiq əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmısız. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmış hərbi qulluqçuların təkrarən bərpa olunması məqsədəuyğun hesab edilmir”.


İş tapa bilmir

Fuad Fətəliyevin daha bir problemi işsizlikdir. Aylardır ki, keçmiş hərbçi özünə iş tapa bilmir. Tapdığı işlərə də götürmürlər:

“İşlə bağlı cv göndərmişəm, dəvət ediblər, getmişəm bir şirkətə, xanım maraqlandı, biləndə ki, uzun illər hərbi qulluqçu olmuşam, dedi, sizi işlə təmin edə bilmərik. Hərbidə işləmiş adamların psixoloji pozuntuları olur. Biz sizə şirkətimizin avtomobilini etibar edə bilmərik. Soruşuram, sizin maşının nə qədər qiyməti var? Deyir, 24 min manat… Deyirəm, mən ön xətdə post başçısı olmuşam, dövlət mənə dəyəri milyonlarla ölçülən hərbi texnikalar etibar edib, siz mənə 24 min manatlıq maşın etibar etmirsiz… Deməyim odur ki, biz hərbidən sonra işləməyə yer də tapmırıq. Bu da bizə dəyən zərbənin üstündən daha bir zərbə deməkdir”.

Meydan TV Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəBölgəKeçmiş hərbçi: Vicdanlı hərbçiləri şərləyib ordu sıralarından uzaqlaşdırırlar