Keçmiş diplomatın istintaq dövrü üçün həbs müddəti uzadıldı

Emin İbrahimov. Foto: Meydan TV

Emin İbrahimovun əleyhinə ifadə verən şəxs onunla üzləşməyə gəlməkdən imtina edir

Keçmiş diplomat – Azərbaycanın ABŞ-dəki səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış Emin İbrahimovun istintaq dövründə həbsdə saxlanma müddəti daha iki ay artırılıb. Bu barədə noyabrın 19-da Nizami Rayon Məhkəməsində qərar çıxarılıb.

Məhkəmədə Emin İbrahimov haqqında həbs qətimkan tədbirinin uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb. Müstəntiq təqdimatı müdafiə edib, deyib ki, hələ istintaq davam edir, bir sıra addımlar atılmalıdır. İstintaq davam etdiyinə görə Emin İbrahimovun həbsdə saxlanması məqsədəuyğundur. Çünki azadlıqda qalarsa, istintaqdan yayınmaq, prosesin gedişinə, şahidlərə, zərərçəkmişə təsir göstərmək ehtimalı var.

Emin İbrahimovun vəkili Aqil Layıc isə təqdimata etiraz edib. O bildirib ki, müvəkkili 4 aydır heç bir təqsiri olmadığı halda, həbsdə saxlanılır. Vəkilin sözlərinə görə, Emin İbrahimov heç bir cinayət törətməyib, təqsirsizdir. Təqsirsiz insanı həbsdə saxlamaq, üstəlik həbs müddətini uzatmağın özü cinayətdir.

Hakim Emin İbrahimova məhkəmədə hüquq və vəzifələri haqda məlumat verəndə o bildirib ki, hüquqları olsaydı, törətmədiyi cinayətə görə həbsdə olmazdı:

“Hüquqlarım olsaydı, ekspertlər üzünü görmədiyim bıçaqdan mənim əl-barmaq izlərimi tapmazdılar. Hansı hüquqlardan danışırsınız? Mən onsuz da bu sistemdən başqa heç nə gözləmirəm”.

Məhkəmə qısa müşavirədən sonra təqdimatın təmin olduğunu, Emin İbrahimov haqqında həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadıldığını açıqlayıb.

Vəkil Aqil Layıc Nizami Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti verəcək.

Keçmiş diplomat iyulun 22-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. O, Kamal Şükürov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Lakin Emin İbrahimov ümumiyyətlə, əlində bıçaq olmadığını, şərlənərək həbs edildiyini bildirir.

“Mən diktatura rejiminin qurbanıyam”, – Emin İbrahimov barəsində həbs qərarı verilən məhkəmədə belə deyib.

İstintaq vaxtı aparılmalı hərəkətlərdən biri də üzləşmədir. Emin İbrahimov zərərçəkmiş qismində tanınan Kamal Şükürovla üzləşdirilməlidir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Kamal Şükürov üzləşməyə gəlməkdən imtina edir. Üç dəfə bu istintaq hərəkəti təyin olunsa da, o gəlməyib. 4 ay ərzində istintaqın tamamlanmamasının səbəblərindən biri də budur.

Keçmiş diplomat bildirib ki, iyulun 22-də “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.

Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.

Ana səhifəXəbərlərKeçmiş diplomatın istintaq dövrü üçün həbs müddəti uzadıldı