Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıya səfər edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumata görə, Kaya Kallas Azərbaycanın Avropa üçün “dəyərli və etibarlı enerji tərəfdaşı” olduğunu bildirib.
“Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızı dərinləşdirmək üçün aydın potensial var. Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsini strateji maraq hesab edir və Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığa hazırdır”, – deyə o bildirib.
Kallas vurğulayıb ki, insan hüquqları ilə bağlı açıq və səmimi dialoq Avropa İttifaqının Azərbaycanla münasibətlərinin ayrılmaz hissəsidir.
Onun bu açıqlaması Azərbaycanda son illər siyasi məhbuslar, media azadlığı və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı beynəlxalq narahatlıqların davam etdiyi bir vaxtda səslənib.
Kaya Kallas Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarını da “tarixi fürsət” adlandırıb.
“Bu dinamikanı qorumaq vacibdir. Avropa İttifaqı bunun üçün etimad quruculuğu tədbirlərindən mina təmizləmə fəaliyyətinədək müxtəlif vasitələrlə dəstək verir”, – o qeyd edib.
Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə əvvəlcə təkbətək, daha sonra geniştərkibli görüş keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, enerji təhlükəsizliyi, ticarət və investisiya məsələləri müzakirə olunub.