Vəkili Elvin Mustafayevin saxlanma şəraiti ilə bağlı Ombudsmana müraciət etdiyini deyir
Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində karserdə (cərimə otağı) saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin səhhətində problem yaranıb.
Onun vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, Elvin Mustafayevlə görüşü zamanı fəal ona qulağında problemlər yarandığını bildirib:
“Elvinin sağlamlığı ilə bağlı həmişə problemi olub. Görüşəndə, mənə bildirdi ki, on gün ərzində qulağında ağrılar olub və iltihab yaranıb, çirk gəlib. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi və Penitensiar Xidmətinə onun müayinədən keçirilməsi ilə bağlı müraciət etmişəm. İstəyimiz budur ki, Elvin müayinədən keçirilsin və tibbi sənədlər mənə təqdim edilsin”.
Zibeydə Sadıqova Elvin Mustafayevin hələ də mayın 6-dan bəri karserdə saxlanıldığını deyib.
“Bununla bağlı da Ombudsman Aparatına müraciət etmişəm ki, ona baş çəksinlər, saxlanma şəraiti ilə tanış olsunlar. Elvin hazırda karserdə olduğu üçün ailəsi də ondan məlumat ala bilmir”, – vəkil bildirib.
Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisənin karserinə salınıb.
Sonradan o, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Daha sonra vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, 6 saylı cəzaçəkmə müəssisəsi Nizami Rayon Məhkəməsinə Elvin Mustafayevin cəzasının ciddi rejimli Qobustan həbsxanasında çəkməsinə dair təqdimat verib.
Hakim Nəriman Mehdiyevin icraatında olan işə iyunun 12-də baxılması nəzərdə tutulsa da, prokuror prosesdə iştirak etmədiyi üçün məhkəmə iyunun 19-na təyin edilib.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə narkotik maddənin qoyulduğunu bildirir.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.