”Başqa ölkələrdə dövlət kəndliyə əl tutur ki, bir yerə çıxsın, bizdə isə əksinədir”
Kürdəmirin Karrar qəsəbəsinin sakinləri yerli icra hakimiyyəti orqanlarından şikayətçidirlər. Meydan TV-yə danışan qəsəbə sakinləri deyirlər ki, Kürdəmir Rayon İcra Hakimiyyəti 1997-ci ildən onlara örüş torpaqları kimi ayrılan ərazini tanımadıqları bir sahibkara icarəyə verib.
Qəsəbə sakini Müşfiq Zülfüqarov deyir ki, illərdir həmin ərazilərdən örüş sahəsi kimi istifadə ediblər. Hazırda torpağın yarısında pambıq əkildiyindən heyvanları ac qalır:
“1997-ci ildə torpaq islahatı oldu. Elə həmin illərdə mərhum prezident Heydər Əliyevin göstərişi ilə İslahat Komissiyası da yaradıldı. Kəndin əkinə yararlı torpaqları insanlara pay torpağı kimi paylandı. Həmin vaxt biz, qəsəbə sakinləri yığışıb bir qərar verdik. Hərəmiz öz torpağımızdan müəyyən qədər ayırıb, örüş sahəsi yaratdıq. O gündən bəri bütün qəsəbə mal-heyvanını həmin sahədə otarır. Ta ki, icra hakimiyyətinin gözü bizim sahəmizə düşənədək”.
Heyvanlarımız yarıac, yarıtox qalıb
Sakinlər bildirirlər ki, onların örüş sahəsi Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərovun göstərişi ilə başqa bir kəndin sakininə verilib:
“Bizim də mal-qaramız, sürü ilə qoyunumuz var. Qəsəbə maldarlıqla dolanır. Heyvanlarımız yarıac, yarıtox qalıb. İndi biz nə edək? Əvvəlcə sahəni şumladılar, indi də əkiblər. Artıq pambıq boy da verib. Bilmirik, heyvanımızın qarnının ac qalmasına yanaq, yoxsa həmin əkilmiş sahəni mal-heyvandan qoruyaq. Sabah heyvandı, girər, tapdalayar, deyərlər qəsdən etmisiniz”, – sakinlərdən Adışirin Həmzəyev belə söyləyir.
Qalan torpaq qəsəbənin mal-heyvanına kifayət etmir
A.Həmzəyev deyir ki, soruşana “icra hakimiyyətinin göstərişi ilə bu yerlərdə pambıq əkəcəyik”, – deyirlər. Ancaq o, anlaya bilmir, icra hakimiyyəti insanların pay torpağından ayırıb, örüş sahəsi etdiyi ərazi barədə necə qərar verə bilər:
“Boş qalıb, elə bilirlər nə desən etmək olar. Elə çox sahə də deyil. Ümumi örüş sahəsi 127 hektardır. Onun 8 hektar 62 sotu kanalın o tərəfində zəbt edilib. 50 hektarında da pambıq əkilib. Geriyə qalan hissəsi də bu qədər qəsəbənin mal-heyvanına kifayət etmir”.
Bu ölkədə necə yaşayaq?
Sakinlər problemləri ilə bağlı müraciət etmədikləri dövlət qurumunun qalmadığını söyləyirlər. İqtisadi İnkişaf Nazirliyinə, Respublika Prokurorluğuna, Kürdəmir Rayon Prokurorluğuna, Birinci vitse-prezident Mehriban Əliyevaya, prezident İlham Əliyevə məktubla müraciət ediblər. Heç bir cavab ala bilmədiklərini söyləyirlər:
“Təkcə, Kürdəmir Rayon Prokurorluğunda iş qaldırıblar. Bugünkü gün iş gedir. Ancaq heç bir nəticəsi yoxdur. Prezident Administrasiyasında da olmuşuq. Qəbulda bizə dedilər ki, düzdür, sizin örüş sahəniz qeyri-qanuni şumlanıb, əkilir. Ancaq burada bir şey var, əkiləcək. Prezident Administrasiyasına getdiyimiz halda, şikayətimiz prezidentə çatmayıbsa, biz bu ölkədə necə yaşayaq?”, – Müşfiq Zülfiqarov belə deyir.
Kəndlinin olan-qalanını əlindən alıb, möhtaca çevirirlər
Sakinlərdən Yusif Məmmədov deyir ki, dövlətdən özləri üçün heç nə istəmirlər. Dolana bilmək üçün kömək, subsidiya, yardım, ev, torpaq, heç nə. Tək istədikləri dədə-babadan qalma örüş sahələrinin özlərinə qaytarılmasıdır:
“Televiziyalara baxırıq, camaat müraciət edib, ev, pul, yardım istəyir. Biz istəmirik, lazım deyil. Birtəhər dolana bilirik. Kasıb olsaq da, hərəmizin 5-6 danası var, saxlayıb, başımızı saxlayırıq. İndi heyvanlarımız qalıb ac-yalavac. Belə getsə, hamısını satmalı olacağıq. Biz də dövlətdən yardım istəyən adamlara çevriləcəyik. Başqa ölkələrdə dövlət kəndliyə əl tutur ki, bir yerə çıxsın, bizdə isə əksinədir. Başını saxlaya bilən kəndlinin olan-qalanını əlindən alıb, möhtaca çevirirlər. Bu, necə ədalətdir?
Deyirlər, prezidentin sərəncamı ilə əkilir pambıq
Y.Məmmədov deyir ki, Kürdəmirin Karrar qəsəbəsi sırf heyvandarlıqla dolanır. Heyvan otarır, böyüdür satır, ailələrini dolandırırlar. Onu da əllərindən alsalar, dolanışıqları pisləşər:
“İllərdir bu sahədə ixtisaslaşmış kəndik. Hətta kənd camaatı arasında növbəli otarma da var. Hər gün bir nəfər hamının heyvanını gətirib otarır. İndi bizim illərdir qurduğumuz şəraitimizi əlimizdən almağa çalışırlar. Hara da müraciət edirik, deyirlər, prezidentin sərəncamı ilə əkilir pambıq. İndi biz bilmirik, pambığı heyvanlardan qoruyaq, yoxsa icra hakimiyyətinin göstərişi ilə qazılan kanala düşməsindən. Demirlər, prezidentin göstərişidir? Lap yaxşı, pambıqçılığı inkişaf etdirmək istəyir. Dövlətin ehtiyat fondunda minlərlə hektar olan torpaqlar var. Ondan istifadə etsinlər. Bu, bizim dədə-babadan qalma örüş sahələrimizdir. Hər bir ailənin ümumi pay torpağından kəsilərək yaradılıb. Buna toxunmayın də, nə olar”.
Prezidentin əmri insanları çörəyindən etmək olmamalıdır
Müşfiq Zülfüqarov deyir ki, ya onlara başqa yerdən torpaq sahəsi versinlər, ya da örüş sahələrini özlərinə qaytarsınlar:
“Ceyhun Cəfərovu Kürdəmir rayonuna icra başçısı qoyan prezidentdir. O deyir ki, mənə maraqlı deyil, sizə bu torpaq bəs edir, ya yox. Birmənalı olaraq pambıq əkməliyik, prezidentin əmridir. Prezidentin əmri insanları çörəyindən etmək olmamalıdır axı. Hamımız baxırıq, deyirlər, Azərbaycan dinamik inkişaf edir. Şəxsən mən bunu heç yerdə görə bilmirəm. Mənim 5 baş naxırım gəlib bu sahədə normal qidalana bilmir. Hansı inkişafdan danışırlar? Kəndləri, kəndlini, təsərrüfatçını, maldarı məhv ediblər. Bunun qarşısında inkişafmı olar? Kimlərdir o inkişaf edənlər? Biz batırıq, vallah. Üstəlik, prokurorluq araşdırma aparır. Bunun nəticəsi ilə bağlı bizə heç bir məlumat verilmir. Bizi sayan yoxdur. Hakimlər işə baxmır. Çünki bu gün burada cəmi bir hakim var”.
İcra Hakimiyyəti: “Pambıq əkilən sahə kəndiyə məxsus deyil”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının birinci müavini Tacəddin Novruzov həmin ərazidə başqa kənddən olan bir nəfər vətəndaşın pambıq əkdiyini təsdiqləyib. Ancaq ərazinin kənd sakinlərinə yox, bələdiyyəyə məxsus olduğunu söyləyib:
“Həmin ərazi bələdiyyəyə məxsusdur. Bələdiyyə də müvəqqəti pambıq əkmək üçün vətəndaşa verib. Ora kiminsə pay torpağı, örüş sahəsi deyil. Dövlətə məxsus torpaqdır, pambıq əkilməsi normaldır. Karrar qəsəbəsi sakinlərinin pay torpaqları var, ancaq həmin ərazidən xeyli aralıdadır. Pambıq əkilən sahə isə dəqiq hansısa kəndiyə məxsus deyil”.
Karrar sakinləri isə bununla razılaşmırlar. Kənddə 1000 başdan çox qoyun, 700-800 başdan çox iribuynuzlu heyvanlarının olduğunu söyləyirlər. Onun qabağında 127 hektar nə idiki yarısına da pambıq əkiblər deyirlər.