Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.
Bu barədə qərarı dekabrın 19-da Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasan, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il aprelin 1-dək uzadılıb.
Qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılsın.
Bundan əvvəl xüsusi karantin rejiminin müddəti 1 yanvar 2026-cı ilə qədər uzadılmışdı.
2019-cu ilin sonundan dünyada yayılmağa başlayan koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci il martın əvvəlindən Azərbaycanda xüsusi karantin rejimi elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan etsə də, hələ də Azərbaycanda hələ də karantin rejimi davam edir.
Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib. O, iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib.
Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər quru sərhədlərinin bağlı qalmasının COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.