“Kanal 13”-ün əməkdaşı azadlığa buraxılıb

Foto: Şamo Eminovun şəxsi arxivindən

Şamo Eminovla bağlı  alternativ qətimkan tədbiri seçilməyib

“Kanal 13” internet televiziyasının əməkdaşı, bir ildir ki, həbsdə olan Şamo Eminov dekabrın 29-da azadlığa buraxılıb.

Onun barəsində istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb.

Prokuror həbs qətimkan tədbirinin uzadılması üçün təqdimat verməyib.

Onun barəsində həbsə alternativ, başqa növ də qətimkan tədbiri seçilməyib.

Şamo Eminovun həbsdən buraxıldığını vəkili Elçin Sadıqov da təsdiqləyib.

Vəkil Meydan TV-yə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirsizdir.

Şamo Eminov 2023-cü il dekabrın 22-də “Kanal 13”ün icraçı direktoru Əziz Orucovun həbsindən bir ay sonra saxlanılıb.

Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Əziz Orucov və Şamo Eminov qaçaqmal yolu ilə xaricdən “Kanal 13” üçün valyuta gətirməkdə ittiham edilib.

Dekabrın əvvəlində Əziz Orucov haqqında qaçaqmalçılıq ittihamına xitam verilib, onun işi (Cinayət Məcəlləsinin 188.2 maddəsilə – dövlət orqanlarının icazəsi olmadan ev tikmə ittihamı ilə) məhkəməyə göndərilib.

Hazırda onun işinə Səbail Rayon Məhkəməsində baxılır.

Vəkil Elçin Sadıqov ehtimal edir ki, Şamo Eminova qarşı da qaçaqmalçılıq ittihamına xitam veriləcək:

“Ona qarşı da bu ittihamı təsdiqləyəcək heç bir sübut-dəlil yoxdur”.

Ana səhifəSiyasət“Kanal 13”-ün əməkdaşı azadlığa buraxılıb