Kamran Əsədov: “Müəllimlərin maaşının artmasından çox dərs yükünün azaldılması vacibdir”

Foto: marja.az

2022-ci ildə müəllimlərin maaşı artırılacaq

Gələn ildən Azərbaycanda müəllimlərin əməkhaqqı artırılır.

Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci il yanvarın 1-dən təhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin maaşı 20, bədən tərbiyəsi müəllimlərinin 30, hərbi rəhbərlərin maaşı 40 faiz artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir.

Artımların edilməsi məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.

Kamran Əsədov
Foto: Kamran Əsədovun şəxi arxivindən

Təhsil eksperti Kamran Əsədov Meydan TV-yə açıqlamasında maaş artımının deyil, müəllimlərinin dərs yükünün 18-dən 12-yə endirilməsini vacib saydığını bildirib:

“Artım hamıya şamil olunsa da, hamı heç də yüksək maaş almayacaq. Bir “stavka” dərs deyən, 18 il stajı olan müəllim 714 manat alacaq. İlk dəfə tədrisə başlayan isə 552 manat əməkhaqqı alacaq. Azərbaycanda işləyən digər müəllimlər 18 saat dərs demir. Onların dərs saatı 10, 12, 15 saat olur. Mənə görə, müəllimin bir “stavka” dərs yükü 18, deyil, 12 saat olmalıdır. Bir “stavka” dərs yükü 12 saat edilsə, daha çox müəllim yüksək maaş alar. Ölkədə atılası addım, dərs yükünün 12 saata salınmasıdır”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda müəllimlərin maaşı qonşu ölkələr – Rusiya və Qazaxıstanla müqayisədə çox geri qalır:

“Məsələn, Rusiyada dollarla desək, müəllimlərin aylıq əməkhaqqı 400-500, Qazaxıstanda isə təxminən 400 dollar civarındadır. Bu baxımdan Azərbaycanda müəllimlərin maaşını yüksək saymaq olmaz. Üstəlik, inflyasiya çox yüksək həddədir”.

Mərkəzi Bankın açıqlamalarına görə, il sonunda 12 faizli infilyasiya gözləntisi var.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

“İkirəqəmli infilyasiya uzun zaman idi ki, Azərbaycanda yox idi. Ölkədə ərzaq infilyasiyası da çox yüksəkdir. Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin, həmçinin büdcə təşkilatlarında çalışanların, o cümlədən, müəllimlərin qazancının 55 faizi məhz ərzağa xərclənir. Ərzaq qiymətlərinin kəskin bahalaşması isə, təbii ki, real gəlirlərin aşağı düşməsi ilə nəticələnir. Hökumətin gələn il üçün əsas hədəfi, maaş və təqaüdlərin artırılması ilə paralel olaraq qiymət artımının qarşısını alacaq tədbirlər görməsidir”, – iqtisadçı bildirib.

Ana səhifəSosialKamran Əsədov: “Müəllimlərin maaşının artmasından çox dərs yükünün azaldılması vacibdir”