Prezidentin yeni təqdimat irəli sürdüyü deyilir
Respublikanın Baş prokuroru Zakir Qaralov vəzifəsini itirə bilər.
“Report”un məlumatına görə, “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.
Prezident İlham Əliyev təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələnin yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacağı bildirilir.
2000-ci ildən Azərbaycanın Baş prokuroru olan Zakir Qaralov 1956-cı ildə Gürcüstanda doğulib.
1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.
O, 1995-ci ildə Prezident tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə, 13 yanvar 2016-cı ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
54 yaşlı Kamran Əliyev Balakən rayonunda anadan olub. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunda çalışıb.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışır.
O, II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
K.Əliyev Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Ailəlidir, iki övladı var.