Ramiz Mehdiyevin çıxışını demokratik Qərbdən və ya fundamentalist Şərqdən gəlməsinə baxmayaraq, qloballaşma proseslərinə əks təsir göstərmək üçün yeni, “kreativ” kadr və yanaşmalardan istifadə etməklə cəmiyyətə nəzarətin gücləndirilməsinə çağırış kimi qiymətləndirmək olar
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Bakıda Dövlət İdarəçiliyi Akademiyasının on beş illiyinə həsr olunmuş tədbirdə ziddiyyətli nitqlə çıxış edib. Bu çıxış sualları cavabsız qoyub.
Ümumilikdə Mehdiyev ictimai təfəkkürdə böhran olduğunu, qloballaşma şəraitində dövlətin prosesləri idarə etməyə qadir olmadığını etiraf edib və ən əsası, nə onun, nə ətafındakı insanların, nə məmur ordusunun və hakimiyyətyönlü elmi dairələrin vətəndaşların ağlındakı dolaşıqlıqları müalicə etmək üçün resept yazmaq iqtidarında olmadığını ifadə edib.
Akademikin nitqindəki ziddiyyət ondan ibarətdir ki, bir tərəfdən özünü parlaq nümayəndəsi hesab etdiyi sovet ənənəsinə uyğun olaraq administrasiya rəhbəri akademiyanın və bütünlükdə dövlətin uğurları haqqında danışıb, digər tərəfdən isə kadrlar böhranını və dövlətin müasir şəraitdəki çağırışlara reaksiya vermək iqtidarında olmadığını etiraf edib. Onun nitqindən səciyyəvi bir sitatı təqdim edirik: “Bu gün Prezident Administrasiyası da, nazirliklər də, yerli hakimiyyət qurumları da ciddi kadr böhranı problemi ilə üzləşiblər… Administrasiya rəhbəri olaraq, şəxsən məni Prezident Administrasiyasının kadr ehtiyatları heç cürə qane etmir”.
Ramiz Mehdiyev çıxışında rejimin 20 illik idarəetmədən sonra qarşılaşdığı aşağıdakı problemləri etiraf edib:
* Kadrlar böhranı
* Təhsil böhranı
* İstehlakçı təfəkkürü
* Köhnə təfəkkürə qayıdış
* İnternetin və qloballaşmanın təsirinin artması
* Dini fundamentalizmin inkişafı
* Müasir proseslərin başa düşülməməsi.
Mehdiyevin ifadələrindən belə bir nəticə çıxarmaq olar ki, cəmiyyətin boğulması və ona nəzarət üzrə indiyədək tətbiq olunan avtoritar dövlət qurulması nöqteyi nəzərdən səmərəli mexanizmlər getdikcə təsirini itirir ki, bu da etiraz əhval-ruhiyyəsinin artmasında özünü göstərir. Bu əhval-ruhiyyə köhnə davranış normalarına, dini fundamentalizmə qayıdışda, ən əsası isə, cəmiyyət üzvlərinin rəsmi təbliğatın təsirinin əlçatmaz etdiyi milli informasiya məkanının hüdudlarını aşmasında özünü göstərir.
Əhalinin rejimin təsiri sahəsindən informasiya miqrasiyası getdikcə ictimai təfəkkürün manipulyasiyası sahəsində
mütəxəssislər üçün misli görünməmiş şəkil alır. Statistika qlobal sosial şəbəkə iştirakçılarının sayının (facebook – 1,5 mln. istifadəçi) və peyk və kabel yayımı auditoriyasının (əhalinin 80 faizi) artdığını göstərir. Bu şəraitdə təsir proseslərini idarə etmək cəhdləri səmərəsiz olub, Mehdiyev özü də dolayısıyla bunu etiraf edib: “İnternet məkanı ilə bağlı kifayət qədər dərin, fəlsəfi, etik və metodoloji problemlər var. Təəssüf ki, onlar bizim ənənəvi araşdırmalarla məşğul olan alimlərimizin diqqətindən kənarda qalıb. Akademiya da bu problemlərdən kənarda qalıb”.
Adını çəkmədiyi Nobel mükafatı laureatına istinad edən Mehdiyev qeyd edib ki, internetdəki məlumatların əksəriyyəti yalan məlumatlardır, onlar gəncləri çaşdırır. Yəni, o, Azərbaycan hakimiyyətinin icazə vermədiyi məlumatları nəzərdə tutur. Amma problem ondadır ki, hakimiyyət milli informasiya məkanını ölkədə və dünyada vəziyyət haqqında yalan qeyri-adekvat məlumatlar əsasında formalaşdırmağa çalışır. Yəni hakimiyyət ictimai rəyi manipulyasiya etmək cəhdinə əl atır və bununla da, istər-istəməz cəmiyyəti suallarının cavabını başqa ölçülərdə axtarmağa və ya ümumiyyətlə başqa reallıqlara üz tutmağa vadar edir.
Prezident Administrasiyası rəhbəri özünəxas şəkildə hakimiyyəti narahat edən böhran təzahürlərinin həlli üçün resept vermir. O, ya nə edəcəyini bilmədiyinə görə, ya da köhnə sovet partiya nomenklaturaçısı kimi təşəbbüsün cəzalandırılacağını xatırladığına görə qərarlar qəbul etmək məsuliyyətini üzərinə götürmür. Hələ bu yaxınlarda, avqustda nəzarət altında olan KİV-lərin rəhbərləri ilə dövlət sirri məsələlərinə həsr olunmuş görüşdə Mehdiyev dəqiq göstəriş vermədən, yolların axtarışını başqa qurumlara və şəxslərə həvalə etmişdi.
Ramiz Mehdiyevin hazırki kəşfini hansısa yeni siyasətin, o cümlədən yeni kadr siyasətinin anonsu hesab etmək yanlış olardı. Onun çıxışını demokratik Qərbdən və ya fundamentalist Şərqdən gəlməsinə baxmayaraq, qloballaşma proseslərinə əks təsir göstərmək üçün yeni, “kreativ” kadr və yanaşmalardan istifadə etməklə cəmiyyətə nəzarətin gücləndirilməsinə çağırış kimi qiymətləndirmək olar.