“Mənimlə kobud danışan polis Nərgizin qolunu burdu”
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndində çəkiliş edən “Abzas Media”-nın əməkdaşı Nərgiz Absalamova, “Amerikanın Səsi”-nin jurnalisti Nigar Mübariz və bloger Elsevər Muradzadə polis zorakılığı ilə üzləşib.
Bu barədə Meydan TV-yə jurnalist Nigar Mübariz məlumat verib.
O bildirib ki, polislər onları zorakılıqla saxlayıb, Nərgizin qolunu burub. O, buna etiraz etdiyindən ağzını bərk-bərk sıxıblar.
“Biz çəkilişlərimizi ayrı-ayrı yerlərdə bitirdik. Danışmışdıq ki, bir nöqtədə görüşək, birlikdə gedək. Telefonla danışırdım, arxamda maşın saxladı, iki mülki geyimli və bir polis endi. Telefonumu əlimdən aldılar, şəkillərimi çəkdilər. Dedilər ki, siz burada qanunsuz çəkiliş etmisiniz, kəndə girməli deyildiniz”.
Nigar Mübariz deyir ki, həmin şəxslər onunla çox kobud danışıblar. Buna etiraz edən sakinlərə isə “bunlar ermənilərə işləyir, sizi bədbəxt edəcəklər” deyiblər:
“Sonra Nərgiz Absalamova və Elsevər Muradzadəni də mənim olduğum yerə gətirdilər. Mənimlə kobud danışan polis Nərgizin qolunu burdu. “Jurnalistlə belə davrana bilməzsiniz” deyəndə mənim ağzımı tutdular ki, danışmayım. Sonra mülki geyimlilər bizi maşına mindirib, ərazidən uzaqlaşdırdılar. Hazırda Bakıya doğru gedirik”.
DİN-dən məsələyı münasibət bildirilməyib.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Aksiyada kənd sakinlərindən həbs edilənlər var.
Beş nəfər 20 sutka həbs cəzası alıb, bir nəfər cərimələnib.
Kənd sakinləri həbs edilən yaxınları ilə görüşə bilmədiklərini, onlara apardıqları sovqatı geri qaytardıqlarını bildirir.
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.
Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.
Etiraza səbəb olan süni göl kənddə yaradılan ikinci su hövzəsidir.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.