Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists – CPJ) ictimai fəal, Yoldaş Media-nın təsisçisi Əhməd Məmmədliyə 6 il həbs cəzası verilməsini pisləyib.
Komitənin martın 19-da yaydığı bəyanatda deyilir ki, o, uydurma ittihamlarla həbs olunub.
Təşkilat Azərbaycan hakimiyyətini Məmmədlini dərhal azad etməyə və jurnalistlərə qarşı təzyiqlərə son qoymağa çağırıb.
“Son illərdə Azərbaycanın onlarla jurnalisti saxta ittihamlarla həbs etdiyini nəzərə alsaq, Əhməd Məmmədliyə çıxarılan ittiham hökmü son dərəcə şübhəli görünür, onun bildirdiyinə görə məruz qaldığı polis zorakılığı isə tamamilə qəbuledilməzdir. Azərbaycan apellyasiya şikayətinə etiraz etməməli və onu dərhal azadlığa buraxmalıdır. Azərbaycanla əlaqələri artıran Avropa və ABŞ, bu ölkədə jurnalistlərə qarşı təqibləri dayandırmaq üçün təzyiq göstərməlidir. Əks halda, onların da bu təzyiqləri dolayısı ilə dəstəklədiyi mənasına gələ bilər”, – deyə CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
Əhməd Məmmədli 2025-ci il mayın 6-da həbsdədir. Onun Vüqar Dünyamalıyev adlı şəxsə qarın boşluğundan bıçaqla xəsarət yetirdiyi iddia olunub və Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq: silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə maddələri ilə ittiham irəli sürülüb. Bu il martın 16-da, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Əhməd Məmmədli ittihamları rədd edir, jurnalist fəaliyyəti ilə əlaqədar həbs olunduğunu bildirir.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) son məhbus siyahısına əsasən, Azərbaycan jurnalistlərin fəaliyyətlərinə görə həbs olunduğu ölkələr arasında dünyada altıncı yerdədir.