Jurnalistləri Müdafiə Komitəsi Aytac Tapdıqla bağlı bəyanat yayıb

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) səhhəti ilə bağlı bəyanat yayıb.

Təşkilat bildirib ki, Aytac Tapdığın səhhətindəki problemə baxmayaraq müayinə və müalicədən məhrum edilib:

“Jurnalistləri Müdafiə Komitəsi (CPJ) həbsdə olan Meydan TV jurnalisti Aytac Tapdığın burun çəpəri əyriliyi və ağır həbsxana şərtləri nəticəsində kəskinləşən nəfəs darlığı ilə bağlı tibbi müayinə və müalicədən məhrum edilməsi barədə yayılan məlumatlardan narahatdır”.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti Aytac Tapdıq və həbsdə olan digər jurnalistlərə lazımi tibbi yardım göstərilməsini təmin etməlidir:

“Azərbaycanda haqsız yerə həbs edilən 24 jurnalistin hər biri dərhal azadlığa buraxılmalıdır”.

Freedom Now Beynəlxalq İnsan Haqları təşkilatı da CPJ-nin bəyanatını öz “X”  hesabında paylaşaraq Aytac Tapdığa dəstəyini ifadə edib.

İyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdığın vəkili Cavad Cavadov çıxış edərək bildirmişdi ki, Tapdığın səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.

Aytac Tapdıq həbsdə olduğu 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə etdiyini və həbsxana şəraitinin onun nəfəs almasına ciddi təsir etdiyini qeyd edib.

Aytac Əhmədova (Tapdıq) 2024-cü il dekabrın 6-da həbs olunub. Onunla eyni gündə Meydan TV-nin digər əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəSiyasətJurnalistləri Müdafiə Komitəsi Aytac Tapdıqla bağlı bəyanat yayıb