Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan Ali Məhkəməsinin AbzasMedia-nın altı əməkdaşı və AzadlıqRadiosu-nun müxbiri barəsində uzunmüddətli həbs cəzalarını qüvvədə saxlayan qərarını pisləyib.
Təşkilat bəyan edib ki, bu qərar ölkədə davam edən mətbuat azadlığına qarşı təzyiqlərin bir hissəsidir. CPJ Azərbaycan hakimiyyətini əsassız həbs edilmiş bütün jurnalistləri dərhal azad etməyə çağırıb.
“Hakimiyyət AbzasMedia və AzadlıqRadiosu jurnalistlərinin şikayətini təmin etməməklə müstəqil medianın tabutuna son mismarı vurduğunu düşünə bilər”, – CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gülnoza Səid bildirib.
“Onlar Azərbaycanda hakimiyyətin yüksək səviyyəsində korrupsiya ilə bağlı reportajlardan açıq qorxurlar. Gizlədəcəkləri heç nə yoxdursa, hakimiyyət repressiyaları dayandırmalı, həbsdə olan bütün jurnalistləri azad etməlidir. Xarici hökumətlər Bakıdakı rəsmilərlə münasibətlərində mətbuat azadlığını, həbsdə olan jurnalistlərin azad edilməsini vurğulamalıdır”, – o söyləyib.
AbzasMedia-nın mühacirətdə olan direktor əvəzi və baş redaktoru Günel Səfərova deyib ki, məhkəmə qərarından sonra jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməyi planlaşdırırlar.
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini mətbuat azadlığına qarşı basqıları dayandırmağa və həbsdə olan bütün jurnalistləri dərhal azad etməyə çağırır.
CPJ xatırladıb ki, 2023-cü ildə polis AbzasMedia-nın ofisində axtarış apararaq 40 min avro tapıldığını bildirib və nəşri ABŞ, Fransa və Almaniya səfirliklərinin qanunsuz maliyyələşdirdiyini iddia edib.
Təşkilatın məlumatına görə, hazırda Azərbaycanda azı 24 jurnalist həbsdədir və onların əksəriyyəti 2023-cü ilin sonlarından etibarən Qərb donorlarından maliyyə alma ittihamları ilə saxlanılıb. Bu proses Qərblə münasibətlərin pisləşməsi fonunda baş verir.
CPJ vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş cəmiyyəti təşkilatları xarici qrantlar üçün dövlətin razılığını almalıdır. Hakimiyyət media qurumlarını bu tələbi pozmaqda ittiham etsə də, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar işlər üzrə qərarlarında belə halların cinayət məsuliyyəti deyil, cərimə ilə cəzalandırılmalı olduğunu bildirib.
Müstəqil ekspertlərin fikrincə, hakimiyyət xarici qrant almaq istəyən müstəqil təşkilatların qeydiyyatından imtina edir və bununla da onların maliyyəni qanuni şəkildə əldə etməsini faktiki olaraq mümkünsüz edir.
CPJ bildirib ki, Baş Prokurorluğa göndərilən sorğu cavabsız qalıb.
2023-cü ilin noyabrından etibarən Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, həmçinin Azadlıq Radiosu-nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Onlara qarşı qaçaqmalçılıq və digər ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir və cinayət təqibinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onların azadlığa buraxılmasına çağırıblar. İbtidai və məhkəmə istintaqı birlikdə təxminən iki ilə yaxın davam edib.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Sentyabrın 9-da Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
2026-cı il aprelin 3-də isə Ali Məhkəmə təqsirləndirilən şəxslərin kassasiya şikayətini təmin etməyərək əvvəlki qərarı dəyişmədən saxlayıb.