Sevinc Vaqifqızı: “Almaniyaya sonuncu səfərim sistemdə görünmür”
Yanvarın 24-də Binəqədi Rayon Məhkəməsində jurnalist Sevinc Vaqifqızının (Abbasova) ölkədən çıxışına qadağa qoyulması tələbi ilə bağlı məhkəmə iclası keçirilib.
Sevinc Vaqifqızı nöbədənkənar prezident seçkisi vaxtı 251 nömrəli məktəbdə çəkdiyi və Meydan TV-də yayımlanan video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova (daha sonra işdən azad olunub) ilə 3 ildir ki, məhkəmə çəkişməsindədir.
Jurnalistin evinə məktub gəlib ki, məhkəmə qərarında yazılan “videonun silinməsi, təkzib olunması, üzr istənilməsi” hissəsi icra olunmayıb. Bu səbəblə də Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Bugünkü məhkəmə prosesi hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilib.
Hakim sənədlərlə tanış olmaq üçün iclası fevralın 8-nədək təxirə salıb.
Sevinc Vaqifqızı bildirib ki, həm də icraçı Aynurə xanım məhkəməyə gəlməyib, yəni prosesin təxirə düşməsinin bir səbəbi də bu olub: “Elmira Alandarovanın həyat yoldaşı Rasət Qasımov məhkəmədə iştirak edirdi. Çıxış edəndə dedi ki, xanımı seçki günü həmin məntəqəyə Nizami Rayon İcra Hakimiyyətinin dəvətilə gedib. Zəng edib deyiblər ki, orda olmalısan, o da getməli olub. Rasət Qasımov bildirdi ki, o məni məhkəməyə verəndə Nizami Rayon İcra Hakimiyyətinin başçısı ona zəng edib və şikayətini geri götürməsini istəyib”.
Jurnalist deyib ki, bu, icra hakimiyyətinin seçkiyə qarışa bilməyəcəyinin göstəricisidir: “Buradan məlum olur ki, icra hakimiyyətinin işi seçkiyə adam göndərmək deyil. Görünür bu, əvvəlcədən planlaşdırılmış iş olub. Çünki Rasət Qasımovun xanımı heç seçki komissiyasının üzvü də olmayıb. Sual yaranır: Həmin gün niyə məktəbdə idi? Nə üçün getmişdi ora? Bəs icra başçısı niyə vətəndaşdan məhkəməyə verdiyi şikayəti geri götürməsini istəyir?”
Sevinc Vaqifqızına məhkəmədə bildirilib ki, Almaniyaya sonuncu səfəri sistemdə görünmür.
Onun sözlərinə görə, bütün sənədləri qaydasındadır, ölkəni qanunsuz tərk etməyib. Belə olsaydı, dönməsi mümkün olmazdı: “Mən ölkəni qanunsuz tərk etməmişəm. Pasportda möhür də var. Ölkədən qanunsuz necə çıxmışam ki, qayıda da bilmişəm? Məhkəmədə ölkədən çıxışıma qadağa qoyulması tələb edilirdi. Çünki əvvəlki məhkəmə qərarında deyilirdi ki, çəkdiyim video-material silinsin, təkzib edilsin, üzr istənilsin. Bu təkzib də “Azadlıq” qəzeti və Meydan TV-də yayımlansın. Biz də məhkəməyə “Azadlıq” qəzetinin və Meydan TV-nin təkzib vermək, materialı silmək istəmədiyi ilə bağlı məktubunu təqdim etdik. Hətta icra nümayəndəsi məhkəməyə bildirib ki, bunların hamısı olsa belə, şəxsin ölkədən çıxışına qadağa qoyulsun”.
Jurnalist Sevinc Vaqifqızı prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnib.
İyunun 25-də Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin bu qərarını haqlı sayıb.
Bu üç seçki məntəqəsi 251 saylı orta məktəbdə yerləşir.
S.Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib. Həmin görüntülər “Azadlıq” qəzeti və MeydanTV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb.
Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.
Elmira Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə verib.
O, jurnalistdən, “Azadlıq” qəzeti və Meydan TV-dən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi.
Binəqədi Rayon Məhkəməsi isə belə nəticəyə gəldi ki, jurnalist ancaq materialı yayımlayarkən videoreportajın başlığını (“Direktor müavini seçkidə “karusel”ə nəzarət edir”) düzgün seçməyib.
Şərəf və ləyaqətin aşağılanması iddiası isə əsaslı sayılmayıb.
Bakı Apelyasiya Məhkəməsi isə direktor müavininin şikayəti əsasında jurnalistin üzərinə üzr istəmək və 1000 manat təzminat ödəmək öhdəliyi qoyub.
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.
Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun “mənfi hal” olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.