Media nümayəndələri yeni qanun layihəsinə qarşıdılar
Dekabrın 24-də bir qrup jurnalist Milli Məclisin önündə aksiya keçirib. Onlar yeni hazırlanan və ikinci oxunuşda Milli Məclis tərəfindən qəbul edilən “Media haqqında” Qanun layihəsinə etiraz ediblər.
Jurnalist Nurlan Libre mətbuatın susdurulmasını simvolizə edən qəbir maketini parlamentin önünə qoyub. O, qanun layihəsinin əleyhinə olduğunu bildirib. Jurnalist medianın azad olduğunu və bu qanunla susdurulmayacağını vurğulayıb.
Daha sonra “azad media susdurula bilməz” – şüarı səsləndirib. Bu zaman polis müdaxilə edib və tələblərinin səsləndirməsini söyləyib.
Jurnalist aksiyanın tələbini oxuyub.
“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa isə bildirib ki, həmin qanun layihəsini ilk dəfə Milli Məclisin saytında oxuyub. Çünki layihə ictimai müzakirəyə çıxarılmayıb. O düşünür ki, həmin qanun layihəsindəki bir çox maddə mürtəcedir və gizli qəbul edilib:
“Ümid edirik ki, üçüncü oxunuşa mürtəce maddələrlə çıxarmayacaqlar. Üstəlik, bu qanun layihəsi Avropa İnsan Haqları Konvensiyasına, Avropa Şurasının qanunlarına ziddir. İndi layihənin müzakirəsinə müstəqil ekspertləri dəvət ediblər, onların fikirlərini öyrənirlər. Tələb edirik ki, onların dedikləri nəzərə alınsın və üçüncü oxunuşa qanun layihəsi bu halda çıxarılmasın”.
Jurnalist Milli Məclisin deputatlarına müraciət edib. Bu layihəyə səs verməməyə çağırıb:
“Əgər üçüncü oxunuşdan keçəcəksə, Prezident İlham Əliyev bunu imzalamasın. Bəlkə onlar düşünürlər ki, jurnalistlər arasında həmin qanun layihəsini dəstəkləyənlər var. Bildirim ki, o dəstəkləyənlərin hamısı hökumətdən maliyyələşən saytların əməkdaşlarıdır. Bu gün jurnalistika ölkədə tamamilə ləğv edilsə də, o insanlar bunu dəstəkləyəcəklər. Bizim sivil aksiyamız sərbəst toplaşmaq azadlığı qanunu ilə tənzimlənir və haqqımızdır. Qanun 3-cü oxunuşa mürtəce maddələrlə çıxarılsa, etirazlarımız davam edəcək. Azərbaycan hakimiyyəti Avropa Şurası önündə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Jurnalistlər “azad media susdurula bilməz, “jurnalistika cinayət deyil” şüarları ilə aksiyaya davam ediblər.
Şəmşad Ağa əlavə edib ki, jurnalistlər hökumətə nəzarət etmək istəyir, hakimiyyətin nəzarətini qəbul etmirlər:
“Qanun isə hakimiyyətin mediaya nəzarətini nəzərdə tutur”.
Jurnalist Alya Yaqublu da bildirib ki, media haqqında qanun layihəsi mürtəcedir və qəbul edilə bilməz:
“Jurnalistika ilə kim məşğul ola bilər? İstəyən bu işi görə bilməlidir. Mən bunun üçün kimsədən icazə almamalıyam. İstəyim yetərli olmalıdır. Məsələn, həmin qanun layihəsinin 21-ci maddəsində deyilir ki, şəxsi həyatla bağlı materialların yayılması qadağan olunsun. Yəni biz məmurların qanunsuz hərəkətlərini çəksək, bu o deməkdir ki, yaya bilməyəcəyik. Xatırladım ki, seçki saxtakarlıqları belə videolarla sübut edilib. Bir çox məmur özbaşınalıqlarının ortaya çıxmasında çəkilişlərin rolu olub. İndi bunu əngəlləmək istəyirlər”.
Alya Yaqublu bildirib ki, qanun layihəsinin dəstəklədiyi bircə maddəsi belə yoxdur:
“Mənim üçün surpriz olar ki, qanunun hər maddəsində müsbətə doğru dəyişiklik etsinlər. Dünənki görüşdə verdikləri vədlərin bir qisminin həyata keçirilməsini diləyirəm”.
Jurnalist Əminə Məmmədova vətəndaş cəmiyyətini, beynəlxalq təşkilatları bu qanun layihəsinə etiraz etməyə səsləyib.
Aksiya “Sərhədli reportyor olmaz istəmirik”, “söz azaddır” – şüarları ilə davam edib. Polis aksiyaya müdaxilə edib, iştirakçıları Milli Məclisin önündən kənarlaşdırıb. Bəzi polislər jurnalistlərə güc tətbiq etməyə cəhd edib. Ancaq həmkarlarının xəbərdarlığı ilə onları ərazidən kənarlaşdırmaqla kifayətlənməli olublar.
Jurnalist Seymur Kazımov isə deyib ki, media cəmiyyətindir. Odur ki, həmin qanun layihəsinə təkcə jurnalistlər yox, hamı etiraz etməlidir:
“Qanun təkcə müstəqil jurnalistlərə yox, siyasi tərəfləri dəstəkləyənlər üçün də problemdir. Bu qanun layihəsi geri qaytarılmalı, normal, azad medianı boğmayan şəkildə hazırlanmalıdır. Budur tələblərimiz”.
Aksiyanın bəyanatı və jurnalistlərin tələbləri isə belədir. Onlar Milli Məclisin deputatlarına müraciətlə bildirirlər ki, 2-ci oxunuşda qəbul etdikləri “Media haqqında” Qanun layihəsinin mürtəce mahiyyətinin fərqinə varsınlar və bu layihəni qanuna çevirməsinlər.
“Yoxsa ölkədə media və ifadə azadlığının məhdudlaşdırılmasına, jurnalistlərin fəaliyyətinə yersiz müdaxilələrə geniş imkanlar açacaqsız. Bu layihə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının və Azərbaycanın qoşulmuş olduğu digər beynəlxalq müqavilələrin ifadə və media azadlığı haqqında müddəalarına ziddir. Layihənin ictimai müzakirəsi təmin olunmadan parlamentə göndərilməsi də demokratik dəyərlərə, informasiya açıqlığı ilə bağlı yerli və beynəlxalq qanunlara ziddir”, – bəyanatda vurğulanıb.
Jurnalistlər bildirirlər ki, layihə üçüncü oxunuşda da təsdiq edilərsə, kimlərin jurnalistikayla məşğul ola biləcəyini dövlət müəyyənləşdirəcək. Nəticədə,
- medianın özünütənzimləməsi modeli ləğv ediləcək;
- jurnalistikanın peşə etikası, qərəzsizlik, obyektivlik kimi təməl prinsipləri məmurların subyektiv qiymətləndirməsinə təslim ediləcək;
- gizli yolla əldə edilmiş bütün məlumatları yaymaq qadağası qanun pozuntusu hallarının işıqlandırılmasını əngəlləyəcək;
- lisenziya şərtinə aid “platforma yayımçı və operatorları” tənzimləməsi internet televiziyalarının fəalliyyətinə ciddi problemlər yaradacaq.
- Bəyanatda deyilir ki, ifadə və media azadlığı yalnız Azərbaycan Konstitusiyasında və Avropa Konvensiyasında ifadə edilmiş əsaslar üzrə məhdudiyyətlərə məruz qala bilər:
- “Üçüncü oxunuşda təsdiqləyəcəyiniz “Media haqqında” qanun layihəsi bu əsaslara uyğun deyil. Ona görə də hər birinizi tarixi məsuliyyətə dəvət edir, layihənin əleyhinə səs verməyə çağırırıq. Layihə parlamentin gündəliyindən çıxarılmalı, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakıyla müzakirə edilməli və mürtəce mahiyyəti dəyişdirilməlidir”.
- Bura media qurumun və jurnalistlərin qeydiyyatdan keçməsindən tutmuş, vahid jurnalist vəsiqəsi əldə etməyə qədər xeyli məsələlər daxildir.
- Layihə dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
- Milli Məclisin dekabrın 20-də keçirilən iclasında isə “Media haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
- Bu qanun layihəsində jurnalist fəaliyyəti ilə bağlı sərt tələblər nəzərdə tutulub.
- Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
- Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.