Aytən Məmmədova: “Başqa yenilik yoxdur”
“Hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınması üçün Aytən Məmmədovaya təqdim olunub”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalist Aytən Məmmədova haqda suala cavab verərkən səsləndirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanıldığını xatırladan DİN rəsmisi deyib ki, istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır:
“Bilirsiniz, qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin açılması zaman tələb edir, bir az gözləmək lazım olacaq”.
Jurnalist Aytən Məmmədova Ehsan Zahidovun fikirlərinə münasibət bildirib.
O, Meydan TV-yə deyib ki, işlə bağlı hər hansı bir yenilik yoxdur:
“Bəli, mənə kamera görüntüləri təqdim olunub. İşlə bağlı başqa yenilik yoxdur”.
Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.
Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib:
“Mənə dedi ki, sən ağıllanmayacaqsan? Qızımla hədələdi”.
Jurnalistə hücumla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Aytən Məmmədova mayın 11-də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi şöbəsində ekspertizadan keçib.
Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.
Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.