Jurnalistdən ictimaiyyətə müraciət: Əliyev onu təftiş edən medianı yox etmək istəyir 

Sevinc Vaqifqızı. Foto: Meydan TV

Sevinc Vaqifqızı mükafatını korrupsiyaya qarşı mübarizə aparan bütün jurnalistlərə həsr edir

Dekabrın 10-da “Qlobal antikorrupriya çempionu” elan edilən “AbzasMedia”nın hazırda həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı ictimaiyyətə müraciət ünvanlayıb.

Jurnalist onu mükafata layiq görənlərə, həmçinin demokratik prinsiplərə sadiq qalan hər kəsə təşəkkür edib:

“Bu nüfuzlu mükafata məni layiq bildiklərinə görə demokratik prinsiplərə sadiq qalan hər kəsə təşəkkür edirəm”.

“”AbzasMedia” olaraq ölkə rəhbəri İlham Əliyevin ailə üzvlərinin korrupsiya cinayətlərindən tutmuş onun təyin etdiyi məmurların dövlət vəsaitlərini necə mənimsədiklərinə qədər bütün cinayətlərini üzə çıxarmışıq. Təəssüf edirəm ki, dövlət qurumları bu faktlar əsasında həmin vəzifəli şəxslərə qarşı cinayət işi açmaq əvəzinə, bu cinayətləri üzə çıxaran jurnalistləri “çirkli pullar”da ittiham edib həbs etdilər”, – deyə o qeyd edib. 

Onun sözlərinə görə, İlham Əliyev onun siyasətini təftiş edəcək məhkəmə, qanunverici orqanı öz əlinə alandan sonra müstəqil medianı da yox etməyə çalışır: 

“Amma inanıram ki, demokratiya prinsiplərinə sadiq qalan hər kəs bu ölkənin yeganə nəfəsliyi olan azad medianı məhv etməyə qoymayacaq. Bu mükafat korrupsiya cinayətlərini üzə çıxaran bütün jurnalistlərin nailiyyətidir”.

2021-ci ildə ABŞ-də təsis edilən Qlobal antikorrupsiya çempionları mükafatının məqsədi korrupsiya ilə mübarizədə qeyri-adi addımlar atan fərdləri tanımaq və bu qəhrəman tərəfdaşlarla həmrəyliyi nümayiş etdirməkdir. 

Sevinc Vaqifqızı ilə birlikdə bu mükafata daha doqquz nəfər layiq görülüb.

Sevinc Vaqifqızı 2023-cü il noyabrın 21-də “AbzasMedia işi” çərçivəsində həbs edilib. 

O, media qurumunun həbs edilən daha 5 əməkdaşı ilə bərabər qaçaqmalçılıqda ittiham edilir. 

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Ana səhifəXəbərlərJurnalistdən ictimaiyyətə müraciət: Əliyev onu təftiş edən medianı yox etmək istəyir