“Belə məhkəmələr, belə hakimlər nəyə, kimə lazımdır?!”
“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adamları tutur, kimisə onların üzünə qoyur, istədiyi kimi istintaq aparır, elə cəzanı da özləri versinlər”
“Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov bir ildən çoxdur ki, həbsdədir.
Jurnalistin işi üzrə məhkəmə prosesi yarım ildir ki, davam edir.
Artıq məhkəmə istintaqı yekunlaşıb, prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Lakin Teymur Kərimov ibtidai istintaq kimi, məhkəmə araşdırmalarından da narazı qalıb.
Jurnalist ictimaiyyətə müraciətində bildirir ki, nə müstəntiq, nə də hakimlər obyektiv, hərtərəfli araşdırma apardılar.
Teymur Kərimov 2023-cü ilin dekabrında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun işi üzrə istintaq da bu idarədə aparılıb.
Jurnalist deyir ki, onun işinin istintaqını aparan müstəntiq Akif Məcidov qanunun bir çox tələblərini pozub:
“Cinayət Prosessual Məcəlləsinin 52.3 maddəsində göstərilib ki, qəbul edilən qərarlar ciddi hesabat sənədləridir, xüsusi blanklarda yazılmalıdır, mərkəzləşdirilmiş hesabatı aparılmalıdır. Lakin müstəntiq Akif Məcidov qanunun bu tələbinə əməl etməyib. Sənədləri xüsusi nömrələnmiş blanklarda yox, adi A4 tipli kağızlarda tərtib edib. Tərtib olunmuş həmin protokollar etibarsız sayılmalıdır. O qərarların heç bir hüquqi qüvvəsi olmamalıdır”.
Teymur Kərimovun sözlərinə görə, istintaqda bir çox başqa kobud qanun pozuntularına da yol verilib:
“İş Bakı Ağır Cinayətlər Məhkəməsinə gələndən sonra burada hakim Azad Məcidovun sədrliyilə baxılarkən pozuntular yenə də davam etdirilib. Məhkəmədə işgəncəyə məruz qalmağımla bağlı məsələnin müzakirəsi zamanı aydın oldu ki, hakim heç iş materiallarını oxumayıb. Məndən soruşur ki, bununla bağlı prokurorluğa müraciət etmisinizmi? Halbuki işin içində prokurorluğun rədd qərarı var. İşi oxuyan hakim bunu bilməlidir. Məhkəmədə vəsatət qaldırdıq ki, anten dairələrilə bağlı sorğular verilsin, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərovun İstək Totiyeva ilə görüşüb-görüşmədiyi müəyyənləşdirilsin. Eləmədilər. Hakim Azad Məcidov da bilir ki, ittihamda yazılan tarixlərdə İstək Totiyeva ilə Fərrux Ələkbərov görüşməyib. Ona görə də vəsatəti təmin etmədi. Vəsatət təmin olunsaydı, həqiqətlər ortaya çıxacaqdı. Sübutsuz-dəlilsiz bir ildir ki, məni həbsdə saxlayırlar”.
Teymur Kərimov qeyd edib ki, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərova özünün və vəkilinin sualları olsa da, onun məhkəməyə gətirilib yenidən dindirilməsi barədə vəsatətləri təmin olunmayıb:
“Fərrux Ələkbərov etibardan sui-istifadə edərək vətəndaşlardan tikinti materialları alıb, pullarını verməyib. Onların ərizələri əsasında da axtarışa verilib. Fərrux Ələkbərov bunu biləndən sonra Neftçala rayonuna qaçıb. Dəniz kənarında onu tapıb tutublar, Bakıya gətiriblər. Məcbur ediblər, gəlib 27 sentyabrda məhkəmədə deyib ki, istintaqdakı ifadəsini təsdiqləyir. Bilirdilər ki, mənim, vəkilin suallarına cavab verə bilməyəcək. Ona görə hakim istiqamət verirdi ki, “yadımda deyil” desin. Məhkəmədə ədalətli çəkişmə prinsipi pozulur və həqiqətlərin üzə çıxmasının qarşısı alınır. Hansı ədalətli hakimdən söhbət gedə bilər? Belə məhkəmələr, belə hakimlər nəyə lazımdır, kimə lazımdır? Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi adamları tutur, kimisə insanların üzünə qoyur, istədiyi kimi istintaq aparır. O zaman elə cəzanı da özləri versinlər. Nəyə lazımdır ki, bu həngamə məhkəmə?! Onsuz da eyni pozuntular məhkəmədə də baş verir. Boş yerə 8 aydır ki, məhkəməyə aparıb-gətirirlər. Burada lal müstəntiq Akif Məcidovun dediyi söz yadıma düşür: “Biz nə deyiriksə, o olur, məhkəmələr sadəcə, bir etapdır, keçməlisən”. Müstəntiq haqlıdır”.
Teymur Kərimov əlavə edib ki, onunla birlikdə mühakimə olunan, lakin hazırda azadlıqda olan İstək Totiyevanı onun əleyhinə yalan ifadə verməyə məcbur ediblər.
Rəhbərlik etdiyi kanalda İstək Totiyevanın bir müddət reportyor kimi fəaliyyət göstərdiyini deyən jurnalistin sözlərinə görə, sonradan onu işdən çıxarıb.
O iddia edir ki, Totiyevanın işdən çıxarılmasına səbəb isə pis vərdişlər olub.
Teymur Kərimov hesab edir ki, hüquq-mühafizə orqanlarında da bu barədə məlumat və yazışmalar var.
Onun dediyinə görə, İstək Totiyevanı bu yazışmalarla şantaj edərək ona qarşı ifadə verməyə məcbur ediblər.
Jurnalistin sözlərinə görə, məhkəmə bir sıra sənədləri qəsdən gizlətməyə cəhd edib. Məsələn, zərərçəkmiş qismində tanınan Fərrux Ələkbərovun ona qarşı şikayətçi olmadığı haqda ərizə:
“25 sentyabr 2024-cü ildə Fərrux Ələkbərov məhkəməyə teleqram yollanmışdı ki, Teymur Kərimova qarşı şikayət və tələbim yoxdur. Amma məhkəmədə inkar edildi ki, belə teleqram gəlməyib. Surəti bizdə olduğuna görə məhkəməyə verdik. Məcbur qalıb qəbul etdilər. Mənim fəaliyyətimlə bağlı Kəlbəcər rayon Ağdaban kəndindən 50 nəfər sakinin məhkəməyə məktubu var. Onu da gizlədiblər. Halbuki məktubu qəbul etdikləri barədə xəbərnamə imzalanıb”.
Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham irəli sürülüb.
O, İstək Totiyeva ilə əlbirlikdə təqsirləndirilir.
İstək Totiyeva həbsdə deyil, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.
İttihama əsasən, Teymur Kərimov kanaldan video-materialın silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul tələb edib, sonda İstək Totiyeva vasitəsilə 1000 manat alıb.
Teymur Kərimov özünü təqsirli bilmir.
O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.
Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.
Leyla Almaszadə məhkəmədə ifadəsində bildirib ki, Teymur Kərimovu problemi işıqlandırmaq üçün jurnalist kimi dəvət edib. Nə Teymur Kərimov ondan pul tələb edib, nə də özü ona pul verib.
Jurnalist də heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib.
Teymur Kərimovun məhkəmədə bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.