Hicab qadağasına etiraz olaraq oktyabrın 12-dən aclıq aksiyası keçirən həbsdəki jurnalist Polad Aslanov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Dediyinə görə, bu gün, oktyabrın 20-də, həmin müəssisədən zəng edərək həyat yoldaşının orada olduğunu deyiblər. Gülmirə Aslanovanın sözlərinə görə, Polad Aslanov və dini inanclı Zeynal Bayramov oktyabrın 15-dən müəssisənin cərimə kamerasında saxlanılırlar. Hər iki məhbus aclıq aksiyasını davam etdirir.
Gülmirə Aslanova bir gün öncə, oktyabrın 19-da Meydan TV-yə bildirmişdi ki, Polad Aslanov hicab qadağına etiraz olaraq keçirdiyi aclıq aksiyasına görə 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin cərimə kamerasına salınıb. Həmin vaxt ailəsinin ondan bir həftəyə yaxın xəbər ala bilmədiyini demişdi.
Nazirlər Kabineti sentyabrın 21-də məktəbli geyimi ilə bağlı qaydalara dəyişiklik edib. Dəyişikliyə əsasən, şagirdlərin müəyyən olunmuş məktəbli formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəsinə yol verilmir.
Oktyabrın 6-da isə dövlət məktəblərində çalışan müəllimlərin geyimi ilə bağlı ayrıca tələblər təsdiqlənib.
Yeni qaydalar hicablı şagird və müəllimlər, eləcə də valideynlər arasında narazılıqlara səbəb olub. Bəzi məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmadığına dair şikayətlər səsləndirilir.
“Xeberman.com” saytının rəhbəri Polad Aslanov 2019-cu il iyunun 12-də həbs olunub.
13 il azadlıqdan məhrum edilən jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsilə “dövlətə xəyanətdə” təqsirli bilinib.
O, ittihamları qəbul etmir və özünü təqsirli bilmir. Polad Aslanov tənqidçi jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.
Zeynal Bayramov 2023-cü il yanvarın 31-də həbs olunub. O,
Cinayət Məcəlləsinin dini ekstremist materialları hazırlama, saxlama və ya yayma və külli miqdarda narkotik vasitələri qanunsuz saxlama və ya daşıma maddələri ilə ittiham olunur.