Jurnalist Elnarə Qasımovanın vəkili: “Ədalətli qərarın verilməyəcəyini yaxşı bilirik”

Elnarə Qasımova. Foto: Meydan TV

“Təqsirləndirilən şəxslərin heç biri gömrük sərhəddini keçərkən qadağan olunmuş məbləğlə yaxalanmayıb”

“Abzas Media işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın vəkili Bəhruz Bayramovun iyunun 10-da keçirilən məhkəmə prosesindəki müdafiə çıxışı yayımlanıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmədə vəkil Bəhruz Bayramov bildirib ki, 2024-cü il yanvarın 13-də həbs olunanadək cinayət işində jurnalist Elnarə Qasımovanın ittiham olunan əməlləri törətməsinə dair heç bir fakt və sübuta rast gəlinməyib. Buna baxmayaraq, o, həbs olunub. Vəkilin sözlərinə görə, həbsin əsl səbəbi Qasımovanın jurnalist fəaliyyətini davam etdirməsi olub:

“Ali Məhkəmənin 2016-cı ildəki Plenum qərarında konkret olaraq göstərilib ki, şəxs gömrük sərhəddini keçərkən üzərindən qadağan olunmuş məbləğdə vəsait çıxarsa, cinayət məsuliyyətinə cəlb oluna bilər. Təqsirləndirilən şəxslərin heç biri isə gömrük sərhəddini keçərkən qadağan olunmuş məbləğlə yaxalanmayıb”.

Vəkil həmçinin “Mütəşəkkil dəstə” ittihamından danışıb. Bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, “mütəşəkkil dəstə” anlayışı iki əsas şərtlə müəyyən olunur: əvvəlcədən cinayət törətmək məqsədilə birləşmə və üzvlər arasında cinayət vəzifələrinin dəqiq bölgüsü:

“Bununla bağlı sübutlar olmalıdır. Pulu haradan və necə gətirdikləri, neylədikləri iş materiallarında göstərilməlidir. Amma 27 cildlik istintaq materiallarında bu iddia ilə bağlı heç bir sübut yoxdur. Belə çıxır ki, təqsirləndirilənlər Gömrük Komitəsi ilə əlbir olublar. Çünki sərhəddən o qədər pul keçirib yaxalanmamaq mümkün deyil. Bu yaxınlarda sərhəddən qanunsuz qızıl keçirmək istəmişdilər. O zaman buna kömək edən gömrük işçiləri də həbs olunmuşdu. Çünki onlar birgə fəaliyyət göstərmişdilər. Mütəşəkkil dəstə elə olur”.

Vəkilin sözlərinə görə, “Abzas Media işi” üzrə hazırlanan materiallar absurd olmaqla yanaşı, həm də həbs olunan digər media jurnalistlərinə qarşı işlərdə də təkrar istifadə olunub:

“Məsələn, “Toplum TV işi” üzrə həbs olunan Ruslan İzzətli ilə bağlı həbs qətimkan tədbiri qərarında qeyd olunub ki, o, “Abzas Media işi” üzrə həbs olunub. Apellyasiya Məhkəməsi də eyni şablondan istifadə edərək Ruslan İzzətlinin 2023-cü ilin noyabrında Ülvi Həsənli, Sevinc Vaqifqızı və digərləri ilə birlikdə həbs olunduğunu qeyd edib. Halbuki o, 2024-cü il martın 8-də həbs olunub. Bütün bu faktlar cinayət işinin nə qədər qanunsuz və saxta olduğunu bir daha sübut edir”.

Vəkil çıxışının sonunda hakimlərdən ədalətli qərar verməklərini istəyib:

“Ədalətli qərarın verilməyəcəyini yaxşı bilirik. Burada sizin edəcəyiniz bir şeyin olmadığı da gün kimi aydındır. Ən azından mən buna əminəm. Çünki burada məsələləri siz həll etmirsiniz. Yuxarıdan nə deyilsə, onu da edəcəksiniz”.

“Abzas Media işi” üzrə həbs olunanların vəkilləri müdafiə çıxışlarını iyunun 10-da keçirilən prosesdə ediblər.

Vəkillərin hamısı çıxışlarında cinayət işi üzrə irəli sürüln bütün ittihamların uydurma olduğunu bildiriblər.

Araşdırmaçı jurnalist Hafiz Babalının vəkili Rəsul Cəfərov və jurnalist Nərgiz Absalamovanın vəkili Rövşanə Rəhimli çıxışlarında cinayət işi üzrə irəli sürülən bütün ittihamların uydurma olduğunu bildiriblər.

Vəkillər məhkəmədən ədalətli hökm gözləmədiklərini bildirsələr də, təqsirləndirilən şəxslərə bəraət istəyiblər.

 Təqsirləndirilən şəxslərdən Hafiz Babalı son sözlə çıxış edib.

Digərləri növbəti prosesdə çıxış edəcəklərini bildiriblər.

 Növbəti məhkəmə iyunun 20-də davam etdiriləcək.

 2023-cü ilin noyabrın 20-dən etibarən Azərbaycanda korrupsiya araşdırmaları aparan “Abzas Media” nəşrinin 6 əməkdaşı – direktor Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı, 2024-cü ilin mayında isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə “Abzas Media işi” çərçivəsində həbs edilib.

 Jurnalistlərin hamısı əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

 2024-cü ilin avqustunda isə “Abzas Media işi” üzrə həbs edilən şəxslərə qarşı ittihamlar ağırlaşdırılıb.

 Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azad edilməsinə, onlara qarşı ittihamların ləğv olunmasına dair çağırış edirlər.

Ana səhifəXəbərlərJurnalist Elnarə Qasımovanın vəkili: “Ədalətli qərarın verilməyəcəyini yaxşı bilirik”