Almaniya Danimarkanı məğlub edərək, 1/4 finala çıxıb
İyunun 29-da Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə start verilib.
Günün ilk matçında İsveçrə və İtaliya yığma komandaları üz-üzə gəlib. Berlindəki Olimpiya stadionunda keçirilən oyun saat 20:00-da başlayıb. Qarşılaşma İsveçrə millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Avropa çempionatının son qalibi olan İtaliya yığması AÇ-2024-də mübarizəni dayandırıb.
Növbəti oyun Almaniya və Danimarka milliləri arasında keçirilib. Dortmunddakı “Siqnal İduna Park” stadionunda təşkil edilən görüş saat 23:00-da start götürüb. Meydan sahibi Almaniya seçməsi 2:0 hesablı qələbə sayəsində adını 1/4 finala yazdırıb.
İyunun 30-da 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək. İngiltərə Slovakiya, İspaniya millisi isə Gürcüstanla qarşılaşacaq.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.