İtaliya “DeepSeek”i bloklayıb 

GPDP şəxsi məlumatların toplanması ilə bağlı suala cavab ala bilmədiyi üçün bu addımı atıb 

İtaliyada “DeepSeek” çat-botu bloklanıb.

İtaliyanın şəxsi məlumatların qorunması üzrə tənzimləyici qurumu (GPDP) istifadəçilərin şəxsi məlumatlarının necə istifadə edildiyi barədə tərtibatçılardan məlumat ala bilmədiyi üçün çat-botu blokladığını açıqlayıb.

GPDP bildirib ki, “DeepSeek”dən şəxsi məlumatların istifadəsi ilə bağlı qurumun suallarına cavab tələb olunub. 

Qurum şəxsi məlumatların hansı məqsədlə toplandığını, onların Çində saxlanıb-saxlanılmadığını öyrənmək istəyib. Lakin qarşı tərəf GPDP-nin suallarına cavabsız buraxıb.

Tənzimləyici qurum Çin neyron şəbəkəsinin tərtibatçılarına italiyalı müştərilərin məlumatlarını emal etməmək və Avropa qanunvericiliyinə uyğunluq tələbi ilə sorğu göndərib. 

Çin şirkətləri isə cavabında bildirib ki, Avropada fəaliyyət göstərmədiyi üçün bu qanunlara tabe deyil. 

GPDP bu cavabı əsassız sayıb və mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya başlayıb.

“DeepSeek” eyniadlı Çin startapı tərəfindən hazırlanmış pulsuz çatbotdur. 

2023-cü ildə sahibkar Lyan Venfen tərəfindən təsis edilib. 

Startap Çinin “High-Flyer” hedc fonduna məxsusdur (Venfen də onun həmtəsisçilərindən biridir). 

Eyni şirkət “DeepSeek”in yeganə investorudur.

Çatbot tətbiqi 2025-ci il yanvarın 10-da istifadəyə verilib. 

Ayın sonunda “DeepSeek” “App Store”un Amerika seqmentində yüklənən pulsuz proqramlar siyahısında birinci yeri tutub.

“DeepSeek” tərtibatçıları iddia edirlər ki, “OpenAI”dən də geri qalmayan süni intellekt modeli yaradıblar.

Ana səhifəXəbərlərİtaliya “DeepSeek”i bloklayıb