İsraillə “Hizbullah” arasında atəşkəs pozulub

Foto: Reuters

İsrailin Livanın cənubuna atəş açdığı deyilir

İsraillə “Hizbullah” arasındakı atəşkəsin pozulduğu bildirilir.

Noyabrın 28-də İsrail “Hizbullah”ın atəşkəsi pozduğunu, buna görə də Livanın cənubuna atəş açdığını açıqlayıb.

İsrail Müdafiə Qüvvələri bildirib ki, “şübhəli şəxslər” maşınlarla cənub ərazisindəki bir neçə əraziyə daxil olublar.

Bu açıqlamadan bir neçə saat əvvəl isə Livan Təhlükəsizlik Qüvvələri İsrail tanklarının Livanın cənubunda altı bölgəyə zərbələr endirməsi barədə məlumat yayıb.

İsraillə “Hizbullah” arasında atəşkəs noyabrın 27-də qüvvəyə minib.

ABŞ və Fransanın vasitəçilik etdiyi razılığın məqsədi hər iki ölkədə insanlara 14 ay davam edən döyüşlər nəticəsində sərhəd ərazilərdə dağılan evlərinə geri qayıtmağa imkan vermək idi.

İsrail ordusu sərhəd bölgələrinin sakinlərini öz təhlükəsizlikləri üçün geri qayıtmamağa çağırıb.

Livanın dövlət mediası və təhlükəsizlik mənbələrinin məlumatına görə, noyabrın 28-də səhər saatlarında İsrail tankı Markaba, Vazani, Kfarchouba, Xiyam, Taiba qəsəbələrinə və Mərcayun ətrafındakı kənd təsərrüfatı düzənliklərinə zərbələr endirib.

Markabda isə iki nəfər yaralanıb.

Bütün bu bölgələr Livan və İsrail arasında sərhədi müəyyən edən Mavi Xəttdən 2 km məsafədə yerləşir.

“Hizbullah” 2023-cü il oktyabrın 7-də HƏMAS-ın ölkəyə hücumundan qısa müddət sonra İsraili atəşə tutmağa başlayıb.

Buna cavab olaraq İsrail qüvvələri Livan qruplaşması ilə əlaqəli hədəflərə hücum edib.

2024-cü ilin oktyabrında İsrail ordusu Livanın sərhəd bölgələrində “məhdud” quru əməliyyatına başladığını elan edib.

İsrail Müdafiə Qüvvələri sərhədə yaxın “Hizbullah” qurğularını İsrailin şimalındakı icmalar üçün “qabaqda təhlükə” yaradan hədəflər kimi müəyyən edib.

Ana səhifəDünyaİsraillə “Hizbullah” arasında atəşkəs pozulub