İsrailin hücumu nəticəsində beş jurnalist həlak olub

Foto: Reuters

Qəzzanın şimalında yaşayış binasının bombalanması nəticəsində daha 5 nəfər ölüb

İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində Qəzzanın mərkəzindəki xəstəxana yaxınlığında “Əl-Quds Today” qəzetinin beş jurnalistinin həlak olduğu bildirilir.

Bu barədə “Əl-Cəzirə” televiziyası Fələstin hakimiyyəti və mətbuatına istinadən məlumat yayıb.

Öldürülən jurnalistlər Nuseyrat qaçqın düşərgəsindəki “Əl-Avda” xəstəxanasının yaxınlığında baş verənləri işıqlandırarkən onların mikroavtobusu hücuma məruz qalıb.

Qeyd olunur ki, hadisə yerindən çəkilmiş kadrlarda yanan mikroavtobusun arxa tərəfində iri qırmızı hərflərlə “Press” sözünün yazıldığı görünür.

Qəzzanın şimalında yaşayış binasının bombalanması nəticəsində daha 5 nəfər həlak olub.

Məlumata görə, hücumdan sonra ən azı 30 nəfər itkin düşüb.

Dekabrın 25-də İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS qruplaşmasını Qəzza zolağında atəşkəs və israilli girovların azad olunması ilə bağlı əldə olunmuş razılaşmalardan imtina etməkdə ittiham edib.

O bildirib ki, yəhudi dövləti HƏMAS tərəfindən saxlanılan bütün məhbusların qaytarılması üçün səylərini davam etdirəcək.

Dekabrın 18-də “Asharq Al-Awsat” HƏMAS-dakı mənbəyə istinadən yazıb ki, İsrail və Fələstin tezliklə Qəzza zolağında atəşkəs və girovların azad edilməsi haqqında saziş bağlaya bilər.

Qəzzada bir ildən artıqdır ki, döyüşlər davam edir. Münaqişə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra başlayıb.

Ana səhifəDünyaİsrailin hücumu nəticəsində beş jurnalist həlak olub