İsrail konsulluğuna hücumda yeni detallar: şübhəlilərin sayı artıb, beynəlxalq dəstək bəyanatları…

Foto: Reuters

İstanbulda İsrailin Baş Konsulluğunun yerləşdiyi binanın önündə baş vermiş silahlı insidentlə bağlı saxlanılanların sayı 5 nəfərə çatıb.

Hadisə aprelin 7-də, günorta saatlarında Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən “Yapı Kredi Plaza”nın qarşısında qeydə alınıb. 

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, binanı mühafizə edən polis əməkdaşları ilə atışmada hücumçulardan biri Yunus E.S. hadisə yerində öldürülüb. Digər iki nəfər Onur Ç. və Enes Ç. isə yaralı halda ələ keçirilib. Atışma zamanı iki polis əməkdaşının yüngül xəsarət aldığı bildirilir.

Hücumun mütəşəkkil hazırlandığı iddia olunur

İstintaqın ilkin nəticələrinə görə, hadisəni törətməkdə ittiham olunan şəxslər İstanbula qonşu İzmit şəhərindən kirayə avtomobillə gəliblər. Rəsmi qurumlar şübhəlilər arasında intensiv rəqəmsal əlaqə olduğunu müəyyən ediblər.

Daxili işlər naziri Mustafa Çiftçi bildirib ki, zərərsizləşdirilən şəxsin dini meyilli terror təşkilatı ilə əlaqəsi aşkarlanıb. Hazırda hücumun motivləri və digər mümkün əlaqələri araşdırılır. İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində daha sonra daha iki nəfər saxlanılıb və beləliklə, şübhəlilərin ümumi sayı 5-ə yüksəlib.

Beynəlxalq reaksiyalar

Hadisədən dərhal sonra beynəlxalq ictimaiyyət baş verənləri pisləyən bəyanatlarla çıxış edib. İsrail Xarici İşlər Nazirliyi Türkiyə təhlükəsizlik qüvvələrinə çevik müdaxiləyə görə təşəkkür edib. Nazirlik rəsmisi vurğulayıb ki, insident zamanı konsulluqda heç bir diplomatik heyət olmayıb, lakin bu fakt hadisənin mahiyyətini dəyişmir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak vasitəsilə yayılan bəyanatda bildirilir ki, “Diplomatik nümayəndəliklərə qarşı zorakılıq qəbulolunmazdır. Biz terrorla mübarizədə Türkiyə ilə həmrəyik”. Avropa İttifaqının Türkiyədəki nümayəndəliyi hücumu “beynəlxalq hüquqa və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə qəsd” adlandırıb. 

Yayım məhdudiyyəti və təhlükəsizlik tədbirləri

Hazırda İstanbul Prokurorluğu tərəfindən çoxşaxəli istintaq davam etdirilir. Ölkənin Radio və Televiziya Üst Şurası (RTÜK) isə hadisə yerindən təsdiqlənməmiş və ictimaiyyətdə vahimə yarada biləcək görüntülərin yayılmasına qadağa qoyub. Rəsmilər xəbər mediasını yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.

Ana səhifəDünyaİsrail konsulluğuna hücumda yeni detallar: şübhəlilərin sayı artıb, beynəlxalq dəstək bəyanatları…