İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

Foto: Reuters

İran üzərindən hava zolağı bağlanıb, təyyarələr Bakıya enib

Oktyabrın 26-na keçən gecə İsrail ordusunun İrandakı hərbi obyektlərə silsilə hava zərbələri endirdiyi bildirilir.

Bu barədə məlumat yayan İsrail Müdafiə Nazirliyi zərbələrini Tehranın “aylarla davam edən hücumları” ilə əsaslandırıb.

“İrandakı rejim və onun bölgədəki müvəkkilləri 2023-cü ilin oktyabrın 7-dən İsrailə amansızcasına hücum edir – yeddi cəbhədə – İran torpaqlarından birbaşa hücumlar olur. Dünyanın hər bir suveren ölkəsi kimi, İsrailin də cavab vermək hüququ və məsuliyyəti var”, -İsrail Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.

Hava zərbələri zamanı 100-dən çox qırıcının, o cümlədən “F-35”-lərin iştirak etdiyi qeyd olunur:

“Tehran bölgəsindəki bir neçə hərbi baza, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun komanda məntəqəsi atəşə tutulub”.

Əməliyyatın kod adı “Tövbə günləri” olub

Bu gün səhər saatlarında İsrail Müdafiə Nazirliyi əməliyyatın uğurla başa çatdığını bildirib:

İsrail-İran. Foto: Sunshine Seeds/shutterstock

Kəşfiyyat xidmətlərinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İrandakı raket istehsalı obyektlərinə, yer-hava raket sistemlərinə və “İsrail aviasiyasının hərəkət azadlığını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş hava hədəflərinə” zərbələr endirib. Əməliyyatın kod adı “Tövbə günləri” olub. Bu, İsrail hakimiyyətinin rəsmi olaraq məsuliyyəti öz üzərinə götürdüyü İran ərazisində ilk hərbi əməliyyatdır”.

Nazirlik İsrail hərbçiləri arasında itki olmadığını əlavə edib.

ABŞ İsrail ordusunun zərbələrini cavab kimi qiymətləndirib

İsrail hökumətinin sözçüsü “NBC News”-a deyib ki, hücum yalnız hərbi hədəflərlə məhdudlaşıb və İranın neft və ya nüvə obyektlərinə yönəlməyib.

Ağ Ev İsrail ordusunun zərbələrini “özünümüdafiə” əməliyyatı və İranın oktyabrın 1-də İsrailə ballistik raket hücumuna cavab olaraq qiymətləndirib.

ABŞ, Ağ Ev. Foto: ungvar/shutterstock

“Axios”-un məlumatına görə, İsrail hakimiyyəti İrana qarşı əməliyyatın baş verməsindən bir neçə saat əvvəl Co Bayden administrasiyasını xəbərdar edib. Həmçinin nəşr iddia edir ki, İsrail hökuməti üçüncü şəxslər vasitəsilə İranı gözlənilən hücumlarla bağlı xəbərdar edib:

İsrail hərbçiləri iranlılara dəqiq olaraq hansı hədəflərə hücum etmək niyyətində olduqlarını açıqlayıb və Tehranın cavab tədbirinin daha ciddi eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər”.

İran ölən və yaralananlar haqda məlumat vermir

İran rəsmiləri hava hücumundan müdafiə qüvvələrinin İsrailin hücumlarını uğurla dəf etdiyini, lakin bəzi ərazilərdə “məhdud ziyanın” olduğunu açıqlayıb. İran ordusunun məlumatına görə, İsrail qüvvələri Tehran, Xuzistan və İlam əyalətlərində bir sıra hədəflərə hücum edib. İranda ölən və yaralananlar barədə məlumat verilməyib.

AZAL: Bir sıra beynəlxalq aviaşirkətlər təcili eniş sorğusu ilə müraciət edib

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

AZAL
Foto: AZAL

Bu barədə oktyabrın 26-da AZAL məlumat yayıb.

Bakı hava limanına eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır.

Ana səhifəDünyaİsrail İranın hərbi obyektlərinə zərbələr endirib