İsmayıllıda icra başçısının nümayəndəsi və bələdiyyə sədri həbs olunub

Həbs. Foto: Meydan TV

Onlar vəzifə cinayətlərində ittiham edilirlər

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədr müavini, sədr vəzifəsini icra edən Cahangir Surxayev həbs olunub. Onlar vəzifə cinayətlərində ittiham olunur.

Əlişir Süleymanov və Cahangir Surxayev Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İsmayıllıda keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumatda iddia olunur ki, İsmayıllıda qeyri-yaşayış sahələrində tikintiyə şərait yaradılması üçün müxtəlif adamlardan rüşvət alınmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Surxayev həmçinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini saxta sənədlə icarəyə verməkdə ittiham olunur.

Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Adları çəkilən şəxslərin özləri və ya yaxınlarının onlara verilən ittihamlara münasibəti məlum deyil.

Ana səhifəBölgəİsmayıllıda icra başçısının nümayəndəsi və bələdiyyə sədri həbs olunub