Ağsu sakini: ”İcra başçısı dedi ki, get, əlindən nə gəlirsə, et”
“Əgər məni işlə təmin etməsələr, benzin töküb, özümü yandıracam. Onsuz da canımdan bezmişəm. Balalarımın üzünə baxa bilmirəm. Evin altında qırılıb-batırıq, bunların heç vecinə deyil. Nə səsimizi eşidən var, nə də ki, dərdimizə yanan. Dəfələrlə iş üçün Ağsu Rayon İcra Hakimiyyətinə getmişəm, iş istəmişəm, lakin məhəl qoyan yoxdur”.
Bunu Meydan TV-yə Ağsu sakini Vüsal Sadayev deyir. Söyləyir ki, Ağsu Rayon İcra Hakimiyyətinin qapısını yağır edib, lakin işlə təmin olunmayıb:
“Orada oturanlar mənə hər dəfə “qəbul günü deyil, get, başqa vaxt gələrsən”, – deməkdən yorulmayıblar. Bir dəfə icra başçısı Ənvər Seyidəliyevin özü ilə görüşdüm. Dedi ki, get, sabah gələrsən. Hər dəfə müxtəlif bəhanələr gətirib, məni qəbul etmədi. Axırda da sözü bu oldu ki, mən sənə nə etməliyəm, get, iş tap, işlə də. İş o yerə çatdı ki, icra başçısına dedim ki, benzin töküb, özümü yandıracam. Bircə onda bir az əl-ayağa düşdü, dedi ki, hə, yaxşı, sənin işini düzüb-qoşacağıq. Sonra təkrar getdim ki, bəs nə oldu? İcra başçısı dedi ki, get, əlindən nə gəlirsə, et. Növbəti dəfə də Qarabağ əlili olan qardaşımla getdim. Qardaşım Ənvər müəllimə dedi ki, Vüsal işsizdir, yeməyə heç yavan çörək də tapmır. İcra başçısı da yenə cavabında eyni sözləri dedi: “Get, sabah gələrsən”. Növbəti gün getdim, nə qədər gözlədim, məni qəbul etmədi. Vallah, dolana bilmirəm, 3 övladım var, həyat yoldaşım da işləmir. Əlacım ona qalıb ki, gedib, icranın qabağında benzin töküb, özümü yandırım, bəlkə o zaman bunlar yerlərindən tərpənələr”.
Şikayətçi deyir ki, iş üçün dəfələrlə Ağsu Rayon Məşğulluq Xidmətinə də baş vurub. Lakin heç bir nəticəsi olmadığı üçün artıq ümidini hər yerdən üzüb:
“İki il əvvəl burada camaat ayağa qalxdı, yürüş oldu. Nəticəsi nə oldu? Heç nə. Məvacibin azlığına, qiymət artımına və işsizliyə etiraz edənlər qaldı kənarda, işlər pulluların balalarına paylandı. Məşğulluqda 250 manat məvacibi olan işləri imkanı olan ailələrin uşaqlarına təklif edirlər. Çünki əvəzində rüşvət alırlar. Məndən nə alacaqlar? Pulum var? Heç nə, yalandan vəd verib, süründürürlər. O adamlara iş veriblər ki, hamısının altında maşını, evi, hər bir şəraiti var. Kasıbın halına yanan yoxdur”.
Ağsu Rayon İcra Hakimiyyətinin ictimai -siyasi və hümanitar məsələlər şöbəsindən Meydan TV-yə bildirildi ki, Vüsal Sadayev ad-soyadlı şəxsin məktubu onlara daxil olmayıb. Əlavə etdilər ki, bəzən vətəndaşlar özləri məsuliyyətsizlik edir:
“İlk növbədə qeydiyyatdan keçmək lazımdır. Uyğun iş olanda həmin şəxslərə təklif edirik. Vətəndaşların çoxu icra başçısının qəbuluna qeyri-qəbul günü gəlirlər. Biz də o adamlara deyirik ki, qəbul günü gəl. Həmin dəqiqə gedib, hər yerə yazıb, şikayət edirlər ki, mən getdim filan işdən ötrü, qəbul etmədilər. Yaxud da iş üçün gəlib, təklif olunan işi istəməyib. Əsasən, təklif olunan işlər fəhləlikdir. Diplomu, təhsili olanları da təyinatına uyğun işlə təmin edirik. Olmayanlara da fəhlə işi təklif edirik, istəmirlər. Deyirlər ki, oturaq evimizdə, əlimizi ağdan-qaraya vurmayaq, pulumuz cibimizə gəlsin. Gəlir ki, bəs, başçı ilə görüşmək istəyirəm. Cavabında bildiririk ki, qəbul günü yaxınlaşın. Yaxud da ya şöbə müdiri, ya da məsul şəxs vətəndaşları qəbul edir, onlara yaxınlaşa bilərsiniz. Get, dərdini ona de, o, səni başa salacaq. Götürüb, “102”-yə zəng vururlar, yaxud hansısa redaksiyanı yığırlar ki, mən başçının qəbuluna getdim, məni qəbul etmədilər, təhqir etdilər, döyüb, qovdular. Yalandan danışırlar. Bizdə adətən, hansısa bir tikintidə, abadlıq işində fəhlə qüvvəsi tələb olunur, müvəqqəti işlər təklif edilir. Bəzən daimi işlər də olur, amma nadir hallarda. İş istəyənlər qeydiyyatdan keçməlidir. Elə adam var, gəlir, iş istəyir, qeydiyyatdan keçməyib. Deyirik ki, hələ iş yoxdur, üzünü çevirib, çıxıb gedir. Elə vətəndaşlara biz nə edə bilərik? Biz o adamların arxasınca düşüb, axtaran deyilik. Bir il əvvəl iş istəyib, sonra gəlib, maraqlanmayıb. Bu nə dərəcədə doğrudur? İldə bir dəfə iş üçün gəlir. Deyirik ki, indi iş yoxdur, olanda verərik, çıxıb gedir. Sonra da deyir ki, mənə iş vermədilər”.
Ağsu Rayon Məşğulluq Xidmətindən bildirilib ki, Vüsal Sadayev təkrar bizə müraciət etsin, onun işlə bağlı şikayətinə baxılacaq:
“O, iki il əvvəl işlə bağlı müraciət edib. Bu müddət ərzində ona uyğun iş olmayıb. Yaxınlaşıb, sənədlərini yeniləsin”.
Vüsal Sadayev isə hər iki qurumun mövqeyi ilə razı deyil:
“Yalan danışırlar. Dəfələrlə iş üçün getmişəm. Məni görməzlikdən gəlirlər. İcrada iş vermək istəmirlər. Məşğulluq Xidmətinə dünən – dekabrın 18-də yaxınlaşdım. İş üçün sənədlərimi də təkrar yenilədim. Görüm, bundan sonra bəhanələri nə olacaq”.