İslamın demokratiyaya baxışı

Xalqın dəstəyi olmadan heç bir siyasi qüvvə duruş gətirə bilməz.

Source:

İslam və demokratiyanın ortaq və fərqli prinsiplərinə dair müzakirələrə uzun illər əvvəl start verilsə də, bu mövzu hələ də aktuallığını qoruyub saxlamaqdadır. Bu sual həmişə insanlarda böyük maraq doğurur: İslam və demokratiya üst-üstə düşürmü, yoxsa tamamilə əks anlayışlardır? Bu suala aydınlq gətirmək məqsədilə öncə demokratiya anlayışını qısa olaraq izah edib, İslam dini ilə müqayisə etməyə çalışacağam.


Demokratiya nədir?

Demokratiya (demos – xalq və cracia – hakimiyyət) xalqın xalq üzərində hakimiyyəti, xalq hakimiyyəti anlamını ifadə edir. Lakin siyasi termin olaraq, demokratiyanı konkret tərif vermək çətindir. Bununla belə, bu termin haqqında ən populyar baxışı əsas götürərək deyə bilərik ki, demokratiya fiziki şəxslərə mövcud imkanlardan bərabər yararlanmaları məqsədi ilə sərbəst iştirak haqqı tanıyır.


Demokratiyanın prinspləri

1. Diktaturanın inkarı; Demokratik prinsiplərə görə, dövlət başçıları, liderlər azad və sərbəst seçki yolu ilə seçilməlidir.

2. İctimai iştirak; Xalq məmurların seçilməsində iştirak edib onların məsuliyyət hissini gücləndirməklə yanaşı, qanunvericiliyi müəyyən bir şəxsin inhisarından çıxarır.

3. Bərabərlik; Bu prinsipə əsasən, ölkənin bütün vətəndaşları qanun qarşısında bərabər hüquqa malikdirlər, kimsənin bir başqasına nisbətən müstəsna hüququ yoxdur.

4. Demokratik sistemdə vətəndaşlar ifadə azadlığı, sərbəst toplaşma, müstəqil məhkəmə, vicdan azadlığı hüquqlarına malik olurlar və bu sahələrdə dövlət onlara qarşı heç bir təzyiq göstərə bilmir;

5. Qanunun aliliyi; Bu prinsip fərdlərin azadlıq və hüquqlarını müdafiə edir.

6. Xalq hakimiyyəti; Bu prinsip demokratiyanın özəyini təşkil edir;

7. Hökumətə nəzarət. Bu prinsipə əsasən, xalq seçdiyi nümayəndələr, qanunverici hakimiyyət, büdcəyə nəzarət, impiçment və s. hüquqlarla hökümətə nəzarət etmək hüququna malik olur.


İslam və demokratiya

Demokratiya haqqında yuxarıda qeyd etdiyimiz prinsipləri əsas tutaraq deyə bilərik ki, demokratiya ilə İslamı müəyyən ortaq prinsiplər birləşdirir. Bu fikrin isbatı üçün sadalanan demokratik prinsipləri İslam çərçivəsində izah etməyə çalışacağam. Lakin onu da qeyd edim ki, müzakirə obyekti kifayət qədər geniş olduğundan bu kiçik yazı məsələlərə yalnız ötəri toxunmağa imkan verir.

a) İslam və diktatura

İslam dininə görə dövlət istibdad, diktatura, şəxsi mənafelər üzərində deyil (53: 3, 4.), ədalət, səlahiyyətli şəxslərin ortaq mövqeləri əsasında idarə edilməlidir. Ümumiyyətlə din tarixini mütaliə etdikdə görürük ki, bütün peyğəmbərlərin ilk əsas işi Firon, Nəmrud, Haman, Əbu Ləhəb, Əbu Süfyan və digər diktatorlarla mübarizə aparmaq, eyni zamanda ədalətli hakimiyyət qurmaq olub. Buna görə də Qurani-kərimdə peyğəmbərlərin missiyası haqqında söz açarkən onların ədalətlə hökm etməyə görəvləndirildiyi qeyd olunur: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlara birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlarla ədalətlə rəftar etsinlər.” (57: 25) Yaxud Davud peyğəmbərə müraciətlə deyilir: “Ey Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et…” (38: 26) Hz. Əli müxtəlif kəlamlarında diktatorluğu tənqid edərək, zərərlərini önə çəkir. Onun fikrincə, dövlət başçıları heç vaxt şəxsi rəyə güvənib diktatorluq etməməlidirlər. Bu hal onların haqq yoldan azması, həlak olması ilə nəticələnəcək. Diktatorların səhv və yanlışlara yol verməsi labüddür, onlar düşmən önündə müqavimət göstərə bilməyəcəklər.” (“Ğürər əl-hikəm, dürər əl-kəlim”-də müxtəlif hədislər) İslam dininə görə, yalnız peyğəmbər və imamlar Allah tərəfindən seçilir və digər rəhbərlər isə,dini prinsiplər əsas götürülərək, səlahiyyətli şəxslər tərəfindən və ya seçki vasitəsi ilə seçilə bilərlər. Qeyd etmək lazımdır ki, peyğəmbərlər, imamlar Allah tərəfindən seçilsə də onların öz missyalarını həyata keçirməsi üçün xalq dəstəyi (beyət) böyük önəm kəsb edir. Yəni bu dəstək olmadan onlar ilahi vəzifələrini icra edə bilməzlər. Din tarixinə qısa ekskursiya etdikdə, görürük ki, məsələn, məsum imamlar Allahın əmri, Hz. Məhəmməd (s) vasitəsi ilə ilahi vəzifələrə seçilsələr də, müxtəlif səbəblərdən xalq dəstəyi ala bilmədiklərindən, rəsmi olaraq missiyalarını həyata keçirə bilməyiblər. Necə ki, İmam Əli (ə) və İmam Həsənə (ə) bu dəstək verilmədikdə (beyət edilmədikdə) dini xilafət əməvilərin əlinə keçir. Yaxud Küfə camaatı İmam Hüseyni (ə) rəhbər olmağa dəvət etmələrinə baxmayaraq, sonda ona qarşı naxələfliyi nəticəsində, acı Kərbəla hadisəsi baş verir.

Qeyd edim ki, İslam terminologiyasında beyət, xalqın rəhbər şəxsdən itaət etməyə və cəmiyyətin idarəçiliyini ona həvalə etməyə hazır olmasına deyilir.

b) İctimai iştirak

İslam dininə görə, peyğəmbərlər, vəhyə uyğun (53: 3, 4.) əməl etmələrinə baxmayaraq, xalqla məsləhətləşməli, fikirlərini öyrənməlidirlər: “(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (3: 156) Hz. Məhəmməd özü də səhabələrinə “mənə məşvərətlərinizi bildirin” deyərək daima onların fikirlərini öyrənməyə çalışıb. Həm də bu, çox aydın məsələdir ki, xalqın dəstəyi, iştirakı olmadan heç bir siyasi qüvvə axıra qədər duruş gətirə bilməz.

c) İslam və bərabərlik

Öncə qeyd edim ki, İslam dininə görə, irqindən, dilindən, ictimai mövqeyindən asılı olmayaraq, heç kəs başqasından üstün sayılmır. Allah qatında yalnız ləyaqətli şəxslər üstünlüyə malikdirlər: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.” (49: 13) Hz. Əli, valilərindən biri olan Malik Əştərə deyir: “Qəlbində insanlara qarşı, sevgi-məhəbbət hakim olsun. Onlarla yırtıcı heyvan kimi davranma. Çünki, insanlar iki qrupa bölünürlər: bir qrupu sənin din qardaşlarındır, digəri qurp isə yaranışda sənə bənzəyənlər”. (“Nəhc əl-bəlağə”, Malik Əştərə məktub.) Habelə, İslama görə, qanun qarşısında da hamı bərabərdir və burada heç kəsə xüsusi imtiyaz verilmir. Hz. Məhəmmədin (s) bildirdiyi kimi, insanlar qanun qarşısında bərabər hüquqa malikdirlər. (“Əət-Təhzib”, c. 9, səh. 90) Yaxud Hz. Əli buyurur ki, həmişə ədalətli olmaq lazımdır. Hətta ən yaxın adamlar, qohumlar zərər görsələr belə, qanuna riayət edilməlidir. (“Nəhc əl-bəlağə”, Malik Əştərə məktub.)

ç) İslam və müxtəlif azadlıqlarَ

Allah-Tatəala insanı azad xəlq etmişdir. Buna görə də onu heç kəsin qarşısında təslim olmamağa, boyun əyməməyə çağırır. Eyni ilə Hz. Əlinin “Başqasının qulu olma, Allah səni azad yaratmışdır” kəlamı bunu təsdiq edir. Yuxarıda qeyd edilənlərdən və ya sonrakı izahlardan məlum olur, İslam dini sərbəst toplaşmağa, müstəqil məhkəməyə, vicdan azadlığına qarşı deyil. Bunu nəzərə alıb, burada ifadə azadlığı barədə bir qədər geniş söz açmaq istərdim. Əvvəla, onu qeyd edim ki, İslam dininə görə azadlıq qeydsiz-şərtsiz qəbul edilmir, hər bir azadlıq insanın kamalına, səadətinə xidmət etməlidir. Ümumiyyətlə, istər Şərqdə, istərsə də Qərbdə çərçivəsiz mütləq azadlıq anlayışı yoxdur. Almaniyalı siyasi tədqiqatçı Neyman Franz (Franz Leopold Neumann) deyir ki, elə bir siyasi sistem yoxdur və ola da bilməz ki, fərdlərin azadlığını mütləq şəkildə, qeydsiz-şərtsiz qəbul etsin. (“Azadlıq, qüdrət hakimiyyət və qanun”. “Azadlıq, məntiq və iman” kitabına istinadən. səh. 46.) Bunu hər bir ölkənin ali qanunları, cinayət məcəllələri də təsdiq edir. Bu dairədə İslam dini də ifadə azadlığını qəbul edir və hətta bunu fitri hal kimi tanıyır: “Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi” (55: 4) Amma bütün fikirlər elm , məntiq əsasında ifadə edilməlidir: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz, və ürək – bunların hamısından (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (17: 36) Burada bununla kifayətlənir, ifadə azadlığı və 4-cü müddəada qeyd edilən digər azadlıqlar barədə müstəqil bir yazıda daha geniş söz açacağam. d) Qanunun aliliyi. Şübhəsiz ki, İslam qanuni bir cəmiyyətin tərəfdarıdır və heç bir halda kiminsə qanuna qarşı çıxmasına icazə vermir. Yuxarıda qeyd edildiyi kimi, dinimizə görə qanun ən yaxın adamların, qohumların əleyhinə olsa belə, riayət edilməlidir, qanuna əməl olunmalıdır. (“Nəhc əl-bəlağə”, Malik Əştərə məktub.)

e) İslam və Xalq hakimiyyəti

İslam dinində bu prinsip müəyyən şərtlər daxilində qəbul edilir. Çünki, İslam dünyagörüşünə görə, hakimiyyətin legitimliyinin qaynağı Allahın vilayətidir. Necə ki, Qurani-kərimdə deyilir: “…Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!” (6: 57) İnsanlara isə ilahi qanunlar çərçivəsində qərar qəbul etmək ixtiyarı verilir. İslam dini ilə demokratiyanın əsas fərqi bundadır. Demokratiya, insana Allahdan müstəqil olaraq, insana hakimiyyət haqqı verir. Lakin İslam insan üçün müstəqil hakimiyyət haqqı tanımır, ona ilahi hakimiyyətin fonunda hakimiyyət haqqına sahib olmağa izn verir.

ə) İslam və hökümətə nəzarət

İslam dininə görə, həm dövlət qulluqçusu şəxsən öz davranışlarına diqqət yetirməli, vəzifəsindən sui-istifadə etməməlidir. Necə ki, Hz. Əli valilərindən birinə müraciətlə deyir ki, yiyələndiyin vəzifə, məqam qənimət, ov deyil ki, onunla istədiyin kimi rəftar edəsən. Əksinə, sənə qorunması və mühafizəsi həvalə edilən bir əmanətdir. (“Nəhc əl-bəlağə”, Azərbaycan valisinə məktub.) Həm də vətəndaşlar, cinsiyyətindən, məsuliyyətindən, yaşından asılı olmayaraq, “yaxşılıqlara yaxşı işlərə dəvət, pisliklərdən pis işlərdən çəkindirmə” (əmr bil-məruf, nəhy ənil-munkər) prinsipinə əsasən, zəruri bildikləri zaman məmurlara xəbərdarlıq etməlidirlər. İzahlı fiqh kitablarında “furu ud-din”inin bölmələrndən olan “yaxşılıqlara dəvət, pisliklərdən çəkindirmə” haqqında söz açılaraq, bu qaydanın əhatə dairəsi, şəraiti barədə geniş şərhlər verilmişdir.

Ana səhifəMənim Fikrimcəİslamın demokratiyaya baxışı