Onun müdafiəsinə “Human Rights Watch” və “Human Rights House Foundation” da qoşulub
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və digər hüquq müdafiə təşkilatları iqtisadçı Qubad İbadoğlunun həbsindən, saxlanma və ağır həbs şəraitindən dərin narahatlıqlarını bildiriblər.
Təşkilat avqustun 8-də bununla bağlı bəyanat yayıb.
Bildirilir ki, İbadoğlu dövlətin maliyyə idarəçiliyi, düzgün idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırma aparan İqtisadi Tədqiqatlar Mərkəzi qeyri-hökumət təşkilatının aparıcı siması olub:
“2014-cü ildə hökumət İqtisadi Tədqiqatlar Mərkəzini zorla qapadıb”.
Bəyanatda həmçinin İbadoğlunun ABŞ və Avropanın qabaqcıl universitetlərində çalışdığı və London İqtisadiyyat Məktəbinə elmi işçi kimi dəvət edildiyi xatırlanır.
“Biz təcili olaraq Azərbaycan hakimiyyətini Qubad İbadoğlu və İradə Bayramovanın saxlanılması və həbsi ilə bağlı müstəqil, qərəzsiz araşdırma aparmağa çağırırıq. Qubad İbadoğluna qarşı ittihamların saxta olduğuna və siyasi motivlərlə irəli sürüldüyünə əmin olduğumuz üçün onun dərhal azadlığa buraxılmasını tələb edirik. Bundan əlavə, Qubad İbadoğlunun saxlanma şəraitinin ağır olmasından da narahatıq. Ailəsi onun 2-ci dərəcəli şəkərli diabetdən, ürək xəstəliyindən və görmə qabiliyyətinin zəif olmasından əziyyət çəkdiyini, həbs olunduqdan sonra müalicə üçün lazım olan dərman preparatları, düzgün qidalanma, təmiz içməli su əldə etməkdə çətinlik çəkdiyini bildirib. Onun kamerasında hava sirkulyasiyası, təbii işıq və lazımi sanitar şərait yoxdur”, – deyə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bəyanatında qeyd edilir.
Təşkilat bildirir ki, həddindən artıq güc tətbiqi, pis rəftar, tibbi yardımdan imtina və pis saxlanma şəraiti qeyri-insani və ləyaqəti alçaldan rəftardır:
“Bu həm Azərbaycan qanunvericiliyi, həm də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq insan hüquqları müqavilələri ilə qəti qadağandır”.
Bəyanatda həmçinin Qubad İbadoğlunun vəkili ilə görüşündə üzləşdiyi maneələr də vurğulanıb:
“İyulun 26-da vəkillə görüşə icazə verilməyib, bir gün sonra isə müstəntiq iştirak etdiyi üçün müdafiəçi ilə təkbətək görüşə bilməyib. Bundan əlavə, görüş zamanı İbadoğlunun əlləri qandallı qalmağa məcbur edilib və ona optik eynəkdən istifadəyə icazə verilməyib. Qubad İbadoğlunun vəkili ilə görüşlərini monitorinq etmək, izləmək və dinləməklə hakimiyyət açıq ünsiyyətə mane olub və onun həbsdə olarkən məruz qaldığı mümkün fiziki və psixoloji zorakılıqları sənədləşdirməsinə mane olub”.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı hesab edir ki, London İqtisadiyyat Məktəbində dəvət edilən tədqiqatçı vətəndaş cəmiyyəti fəalı kimi öz işini görürdü:
“İctimai müzakirəyə müdafiə edilməli töhfə verirdi. Ona qarşı hər hansı ittiham siyasi motivli olmamalıdır. Azərbaycan hakimiyyəti ifadə azadlığı hüququna hörmət etməli və onu qorumalı, ona öz fikrini və tənqidini təzyiq və ya təqibdən qorxmadan sərbəst ifadə etməsinə imkan verməlidir. Biz bu çətin dövrdə Qubad İbadoğlu, İradə Bayramova və onların ailəsi ilə həmrəyik və ədalətin bərqərar olması və insan hüquqlarının qorunması üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Bəyanatı həmçinin beynəlxalq hüquq müdafiə təşkilatları “Human Rights Watch” və “Human Rights House Foundation” da imzalayıb.
Bundan əlavə, ABŞ senatorları Bob Menendes və Kris Van Hollen də Qubad İbadoğlunun həbsinə reaksiya verib.
“Azərbaycanda demokratik fəallara hücumlar qəbuledilməzdir. Biz hakimiyyətə təzyiq göstərmək üçün daha çox çalışmalıyıq. İlham Əliyev siyasi dissidentlərə təzyiqi dayandırmalı və Qubad İbadoğlu da daxil olmaqla, belə siyasi məhbusları azad etməlidir”, – deyə senator Kris Van Hollen bildirib.
Senator Bob Menendes ABŞ Dövlət Departamentini Azərbaycan hökumətilə bütün əlaqələrdə İbadoğlunun azad edilməsini prioritet məsələ kimi qoymağa çağırıb.
Bir gün əvvəl isə ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri Tom Lantos və İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit Azərbaycan Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırmışdı.
Qubad İbadoğlunun həbsi
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.
Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.
FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.
Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.
Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.