Dekabrda baş tutan bir həftəlik xüsusi səfərlə bağlı yeni məlumat yayılıb
Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) Azərbaycana xüsusi səfər edib.
Səfər ötən il dekabrın 12-də baş tutub və bir həftə çəkib.
Avropa Şurası bu barədə məlumatı yeni yayıb.
Məlumatda bildirilir ki, səfərin məqsədi Komitənin 2020-ci ildə etdiyi səfərdən sonra yaydığı hesabatlardakı tövsiyələrin yerinə yetirilib-yetirilməməsini öyrənmək olub.
Əsas araşdırılan məsələlərdən biri də saxlanılan şəxslərə polisin rəftarı ilə bağlı olub. Beləliklə, nümayəndə heyəti Bakının bir sıra polis müəssisələrində olub.
Bura Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti Saxlama Təcridxanası, Nərimanov, Nəsimi və Səbail rayonlarındakı polis bölmələri və İstintaq Təcridxanaları daxildir.
Komitə həmçinin 4 saylı Cəzaçəkmə müəssisəsi (qadınlar üçün nəzərdə tutulan) və yetkinlik yaşına çatmayanların tərbiyə müəssisəsinə də baş çəkib.
Onlar məhkumlarla fərdi söhbətlər aparıblar.
Komitənin açıqladığı məlumatda bildirilir ki, səfər zamanı nümayəndə heyəti ədliyyə naziri Fikrət Məmmədov və daxili işlər nazirinin müavini Fazil Quliyevlə görüşüb.
Eləcə də yuxarıda adı çəkilən nazirliklərin, polisin və Penitensiar Xidmətin digər rəhbər işçiləri ilə məsləhətləşmələr aparıb.
“Nümayəndə heyəti Baş prokurorun birinci müavini Elçin Məmmədovla da görüşüb. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Qrupun əməkdaşları ilə görüş keçirilib. Səfərin sonunda nümayəndə heyəti Azərbaycan hakimiyyətinə ilkin müşahidələrini çatdırıb”.
Hüquqşünas Fariz Namazlı deyir ki, 2018-ci ildə CPT Azərbaycana 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illərdə altı səfərinin nəticələri əsasında Azərbaycan hökumətinin də cavabları daxil olmaqla hesabatını açıqlamışdı:
“Qeyd edim ki, bu hesabatlar yalnız hökumətin razılığı ilə dərc edilə bilər. Həmin hesabatlarda Komitə belə nəticəyə gəlmişdi ki, işgəncə, polis və başqa hüquq-mühafizə orqanları və ordu tərəfindən pis rəftarın bütün formaları, bütün hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq halları sistematik, geniş yayılmış və müntəzəm şəkildə davam edir”.
Hüquqşünas bildirib ki, sənəddə həmçinin cəzasızlıq və pis rəftarla bağlı iddiaların düzgün araşdırılmaması, eləcə də saxlanan şəxslərin vəkillə və həkimlə təmin olunması, saxlanma haqqında məlumat verməsi və informasiya almaq hüququ da daxil olmaqla, hüquqi qarantiyaların təmin edilməməsi kimi ciddi problemlər olduğu qeyd edilmişdi:
“Onu da deyim ki, həmin problemlərin hamısı bu gün də qalmaqdadır. Komitənin hazırki səfəri barədə hesabatının nə zaman dərc ediləcəyi hökumətin istəyindən asılıdır”.
2018-ci ildə Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi (CPT) Azərbaycanla bağlı o vaxtadək məxfi olmuş altı hesabatını dərc edib.
Hesabatlar 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illəri əhatələyib.
Sənəddə vurğulanıb ki, Azərbaycanda işgəncə, digər pis rəftar iddialarının araşdırılması prosesində ciddi problemlər var.
Bu cür hərəkətlərdə məsuliyyət daşıyan şəxslər isə cəzasız qalır.
Həmin hesabata cavabda Azərbaycan hökuməti bildirib ki, 2012-ci ildən başlayaraq 2018-ci ilin ikinci rübünə qədər insan haqları pozuntularına görə daxili tədbirlər nəticəsində 4 polis işçisinə qarşı cinayət ittihamları irəli sürülüb, 177-si işindən uzaqlaşdırılıb, 168-i tutduqları vəzifədən buraxılıb, 10-nun rütbəsi azaldılıb və 1550 polis əməkdaşına xəbərdarlıq verilib.