Keçmiş icra başçısı üçün rüşvət topladıqlarını etiraf edən işçilər hazırda da icra hakimiyyətində eyni vəzifələrdə çalışır
İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin dövründə onun tabeliyində işləmiş şəxslər fevralın 4-də gəlib məhkəmədə onun əleyhinə ifadə veriblər. Onlar etiraf ediblər ki, vəzifələrini itirmək qorxusuna görə icra başçısının qanunsuz göstərişlərini icra ediblər, vətəndaşlardan rüşvət toplayıblar. O da məlum olub ki, bu şəxslər hazırda da İmişli Rayon İcra Hakimiyyətində eyni vəzifələrdə çalışırlar. Bunlar İmişli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidov və Memarlıq və Tikinti şöbəsinin müdiri Nazim Rəsulovdur.
Fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə prosesində əvvəl Vilyam Hacıyevin vəkili sabiq icra başçısına qarşı qanunsuz silah saxlama ittihamına aydınlıq gətirib. Vəkil bildirib ki, mağazadan qanuni şəkildə alınmış ov tüfəngi barıtına görə ona belə bir ittiham verilib. Müdafiəçinin sözlərinə görə, barıt ov mağazalarında açıq satışdadır.
Daha sonra Rahim Zahidov şahid qismində dindirilib. O bildirib ki, aztəminatlı ailələrə, müəyyən sosial kateqoriyadan olan vətəndaşlarlara mənzillərin paylanması, torpaqların ayrılmasıyla bağlı icra başçısının tapşırıqlarını yerinə yetirirdi. Onun sözlərinə görə, elə hallar olurdu ki, illərlə mənzil növbəsində dayananlar kənarda saxlanılıb, rüşvət müqabilində başqa adamlara ev verilirdi. Bununla əlaqədar icra başçısına irad bildirəndə isə o, sərt reaksiya verirdi:
“Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, demək edilməlidir. Mənzillərin satış qiymətləri otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı.
Məsələn, elə olmuşdu, bir nəfərə 70 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər Dövlət Torpaq Komitəsi ləğv olunana qədər davam etdi”.
Məhkəmədə vəkillər vəsatət qaldırıb ki, bu şəxs cinayət məsuliyyətinə cəlb edilsin. Vəsatəti də belə əsaslandırıblar:
“Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir. Deməli, ifadəsində bəhs etdiyi əməlləri də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Əksinə, icra edib”.
Hakim bildirib ki, məhkəmənin yekun hökmündə bu məsələyə qiymət veriləcək.
İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da sabiq icra başçısına qarşı ifadə verib. O bildirib ki, Vilyam Hacıyevin əsas işi rüşvət toplamaq idi. Onun sözlərinə görə, icra başçısı işçilərdən həftəlik hesabatlar tələb edirdi:
“Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu ki, nə qədər rüşvət toplanıb? Görəndə ki, mühasibatlığa rüşvət daxil olmayıb, deyirdi ki, “onda isləmirsiz də…” Mən də işdə qalmaq üçün rəhbərə qulluq edirdim, başqa yolum yox idi. Bütün qanuni, qanunsuz göstərişləri yerinə yetirirdim”.
Nazim Rəsulovun sözlərinə görə, əsasən həyətyanı sahəsində ticarət obyekti tikmək istəyən şəxslər icra hakimiyyətinə müraciət edir, o adamlardan rüşvət alınırdı. Şahid bildirib ki, hansısa məsələ ilə əlaqədar icra başçısına iradını deyəndə Vilyam Hacıyevdən bu cavabı eşidirdi:
“Deyirdi ki, işləyirsən, işlə, işləmirsən, işləmə…”
Nazim Rəsulov etiraf edib ki, icra başçısı üçün vətəndaşlardan rüşvət alanlar arasında həm özü, həm də icra hakimiyyətinin başqa işçiləri vardı:
“İcra başçısı özü birbaşa təmasda olmurdu”.
Prosesdə vəkillər şahidə sual verərək ondan iki ali təhsili, 25 ilə yaxın iş təcrübəsi olduğu halda nəyə görə təxminən 400 manatlıq işdə qanunsuz göstərişlərə razılaşdığını, başqa iş axtarmamasının səbəbini soruşublar.
Hakimlər vəkilin sualını çıxararaq, şahidin cavab verməməsini tələb ediblər.
Vilyam Hacıyevin işi üzrə məhkəmə prosesi fevralın 7-də davam edəcək.
Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.
Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valyutada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.
Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.